SİYASƏT
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN MƏLUMATI
Azərbaycana gəlmiş Böyük Britaniya Parlamenti Lordlar Palatasının üzvü, Dünya Yəhudi Konqresinin vitse-prezidenti lord Canerin səfər proqramına Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla da görüş daxil edilmişdi. Sentyabrın 13-də Dövlət Komitəsində Nazim İbrahimov lord Caner ilə görüşmüşdür.
Qonağı salamlayan Nazim İbrahimov yeni yaradılmış Komitə haqqında lord Canerə məlumat vermişdir. O, rəhbərlik etdiyi qurumun əsas vəzifəsinin xaricdə yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında birləşdirilməsi, onların hüquqlarının, milli varlığının və mədəniyyətinin qorunub saxlanılması olduğunu və Komitənin lobbiçilik istiqamətində iş aparacağını lord Canerin diqqətinə çatdırmışdır. Komitənin yeni olduğunu söyləyən Nazim İbrahimov Azərbaycan Prezidenti Heydər Əliyevin diasporla iş üzrə tövsiyələrinin Komitənin fəaliyyət proqramının əsasını təşkil edəcəyini vurğulamışdır.
Nazim İbrahimov Böyük Britaniya Parlamenti Lordlar palatasının üzvü, Dünya Yəhudi Konqresinin vitse-prezidenti lord Caner ilə keçirilən bu görüşün böyük əhəmiyyəti olduğunu bildirmişdir. Onun sözlərinə görə, hələlik Azərbaycan diasporu bütün dünyadakı analoji yəhudi təşkilatlarından fərqli olaraq, ümumi xətt nümayiş etdirə bilmir, təşkilatlararası əlaqələr çox zəifdir, birliyə nail olunmamışdır. Komitə sədrinin fikrincə, yəhudi diasporunun bu sahədəki çoxillik fəaliyyətinin bir sıra cəhətləri ölkəmiz üçün də məqbul hesab edilə bilər. Nazim İbrahimov qeyd etmişdir ki, Azərbaycan dövləti təkcə ölkəmizdən getmiş azərbaycanlıların deyil, həmçinin rus, yəhudi və digər millətlərin də Azərbaycan diasporu ətrafında birləşməyinə çalışacaqdır.
Lord Caner demişdir ki, 1936-cı ildə İsveçrənin Cenevrə şəhərində təsis olunmuş Dünya Yəhudi Konqresi hazırda dünyanın bütün regionlarında 100-dən çox yəhudi icmasını özündə birləşdirir. Konqres bütün yəhudilərin siyasi, iqtisadi, sosial, dini və mədəni problemlərinin həll olunması üçün yəhudi icmalarının fəaliyyətini bir mərkəzdən əlaqələndirir, yəhudilərin ana vətənləri – İsraillə əlaqələrinin daha da sıxlaşdırılmasına can atır.
Lord Caner daha sonra Azərbaycan diasporunun ayrı-ayrı ölkələrdəki üzvlərinin sayı ilə maraqlanmış, həmin ölkələrdə Azərbaycan səfirliklərinin də diaspor quruculuğu istiqamətində fəaliyyət göstərməsinin zəruriliyini qeyd etmişdir. Lord Caner bildirmişdir ki, İsraildən kənarda yaşayan hər bir yəhudi diaspor üzvü sayılır və öz kökünə hörmət əlaməti olaraq dünyadakı yəhudi icmaları şəbəkələrindən birinə daxil olmağa borcludur.
Görüşdə Azərbaycan və yəhudi diasporlarının qarşısında duran bir sıra digər problemlərlə bağlı fikir mübadiləsi aparılmış, gələcəkdə əməkdaşlıq etmək barədə razılıq əldə olunmuşdur.