SİYASƏT


XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ GÖRÜŞ

Avqustun 8-də Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Faiz Məhəmməd Xosonu qəbul etmişdir.

Görüş zamanı ölkələrimiz arasındakı əlaqələrin inkişafına dair ətraflı fikir mübadiləsi aparılmışdır.

Səfir Pakistan-Azərbaycan münasibətlərinin inkişafına və daha da genişlənməsinə ölkəsinin mühüm diqqət yetirdiyini vurğulayaraq, bu istiqamətdə qarşılıqlı dialoqun fəallaşdırılmasının vacibliyini bildirmişdir.

Nazir Vilayət Quliyev iki ölkə arasındakı əməkdaşlığın gələcək perspektivlərinə böyük əhəmiyyət verdiyini bildirərək, qarşılıqlı surətdə əlaqələrin davam etdirilməsinə tərəfdar olduğunu vurğulamışdır.

Pakistan diplomatı görüşün sonunda Vilayət Quliyevin təbrik məktubuna cavab olaraq, ölkəsinin yeni xarici işlər naziri İnamülhaqqın təşəkkür məktubunu təqdim etmişdir.

X X X

Həmin gün xarici işlər naziri Vilayət Quliyev Rusiya Federasiyasının ölkəmizdəki müvəqqəti işlər vəkili Stanislav Çernyavskini qəbul etmişdir. 

Stanislav Çernyavski beynəlxalq terrorizmə qarşı mübarizədə Azərbaycan-Rusiya əməkdaşlığının onun hökuməti tərəfindən yüksək qiymətləndirildiyini bildirmiş və beynəlxalq axtarışda olan terrorçunun aşkara çıxarılması və Rusiyaya təhvil verilməsi ilə əlaqədar Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinin minnətdarlığını Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevə çatdırmağı xahiş etmişdir.

Rusiya diplomatı Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində avqustun 11-də erməni separatçı rejimi tərəfindən keçiriləcək “prezident seçkiləri” ilə bağlı nazir Vilayət Quliyevin məktubuna Rusiya Federasiyasının xarici işlər naziri İqor İvanovun cavabını ölkəmizin xarici siyasət idarəsinin başçısına təqdim etmişdir. Məktubda birmənalı şəkildə bildirilir ki, Rusiya “Dağlıq Qarabağ Respublikası” adlı dövlət tanımır və təbii ki, mövcud olmayan dövlətin “prezident seçkilərini” də tanımır və qəbul etmir. Eyni zamanda, məktubda deyilir ki, Minsk qrupunun həmsədri kimi Rusiya tərəflər arasında məqbul sülh əldə etmək istiqamətində bundan sonra da öz səylərini əsirgəməyəcəkdir.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.