SİYASƏT
XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ GÖRÜŞ
Mayın 19-da xarici işlər naziri Vilayət Quliyev ölkəmizdə rəsmi səfərdə olan Səudiyyə Ərəbistanı xarici işlər nazirinin birinci müavini Nizar Mədəni ilə görüşmüşdür.
Qonağı səmimi salamlayan Vilayət Quliyev bu günlərdə Ər-Riyad şəhərində törədilmiş terror nəticəsində insanların həlak olması ilə əlaqədar Nizar Mədəniyə baş sağlığı vermişdir.
Nazir demişdir ki, Azərbaycan Səudiyyə Ərəbistanını özünə ən yaxın strateji müttəfiq sayır. Rəsmi Bakı beynəlxalq terrorizmə qarşı qüvvələrin birləşdirilməsi təklifini irəli sürmüşdür və belə hesab edir ki, bu təklifi Səudiyyə Ərəbistanı da dəstəkləyəcəkdir.
Nümayəndə heyətinin rəhbəri Nizar Mədəni demişdir ki, Azərbaycana ölkəsinin xarici işlər nazirinin səfəri nəzərdə tutulsa da, son günlər Ər-Riyadda baş verən terror aksiyaları səfərin təxirə salınmasına səbəb olmuşdur. Buna baxmayaraq, səfər yenə də qüvvədədir.
Bakıya ilk dəfə 12 il əvvəl gəlişi zamanı Azərbaycanın xarici siyasətində qeyri-müəyyənliyin mövçudluğunu vurğulayan Nizar Mədəni bu səfəri zamanı ölkəmizdə dövlət quruculuğunun sürətlə getdiyini müşahidə etdiyini bildirmişdir.
Qonaq daha sonra demişdir ki, bu gün Səudiyyə Ərəbistanı da Azərbaycanı Asiya və Qafqazın ən strateji dövləti sayır. Ona görə də ölkəmiz rəsmi Bakı ilə əməkdaşlığı genişləndirmək niyyətindədir. Azərbaycan Prezidenti Heydər Əliyevin 1994-cü ildə Səudiyyə Ərəbistanına səfəri zamanı imzalanmamış bir sıra sənədlər qalmışdır. İndiki səfərin əsas məqsədlərindən biri də məhz həmin məsələlərlə bağlı fikir mübadiləsi aparıb, onları imzalanmağa hazırlamaqdır.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparımışdır.