XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ XƏZƏRİN STATUSU MƏSƏLƏSİ MÜZAKİRƏ OLUNMUŞDUR
AzerTAg.az
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov iyunun 2-də Bakıda səfərdə olan Rusiya Federasiyasının xarici işlər nazirinin müavini, Rusiya Prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Viktor Kalyujnı ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə iki ölkə arasında əlaqələrin inkişafına, Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi, Xəzər akvatoriyasının bölünməsi, Xəzərdə demilitarizasiya məsələləri, Rusiyanın daxili suları, o cümlədən Volqa və Don çayları ilə Azərbaycan gəmilərinin sərbəst tranziti, hidrometeorologiya sahəsində əməkdaşlıq və ortaya çıxan problemlərin həllinə dair geniş fikir mübadiləsi aparılmışdır.
Nazir Elmar Məmmədyarov Xəzər problemi ilə bağlı yaranmış vəziyyətin tezliklə faydalı nəticələrlə öz həllini tapacağına və Xəzəryanı dövlətlər arasında qarşılıqlı razılığın əldə olunacağına ümid etdiyini bildirmişdir.
Söhbət zamanı bu il iyunun 9-10-da Xəzər dənizinin statusunun müəyyən edilməsi ilə bağlı Xəzəryanı dövlətlərin nümayəndələrinin Astanada keçiriləcək növbəti işçi görüşü və digər yüksək səviyyəli görüşlər barədə məsələlər müzakirə olunmuşdur.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılmışdır.
Xəbərin mətnində orfoqrafik səhv var