SİYASƏT


XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR

Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 13-də BMT Baş Məclisi 57-ci sessiyasının Ümumi müzakirələrində iştirak etmək üçün Nyu-Yorka gəlmişdir. 

Vilayət Quliyev elə həmin gün Finlandiyanın xarici işlər naziri Erkki Toumioyya ilə görüşmüşdür. Söhbət zamanı Azərbaycanın xarici işlər naziri ölkəmizin Finlandiya ilə hərtərəfli əməkdaşlığının inkişafına xüsusi əhəmiyyət verdiyini bildirmiş və dövlətlərarası iqtisadi əlaqələrin möhkəmləndirilməsinin zəruriliyini vurğulamışdır. Finlandiyanın xarici işlər naziri Azərbaycanın Cənubi Qafqaz bölgəsinin mühüm dövləti olduğunu söyləyərək, ölkəsinin Azərbaycanla əməkdaşlığı genişləndirməyə maraq göstərdiyini bildirmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Sentyabrın 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev Fransanın xarici işlər üzrə dövlət naziri Reno Müzelye ilə görüşmüşdür.

Vilayət Quliyev Fransanın Azərbaycanla ənənəvi tarixi əlaqələrinə toxunaraq, Fransanın Minsk qrupu çərçivəsində rolunu xüsusilə qeyd etmiş, Fransanın bölgədə baş verən proseslərdə daha fəal iştirakının zəruriliyini, Fransa şirkətlərinin ölkəmizdə fəaliyyətini vurğulamış və bölgədə sabitliyin, təhlükəsizliyin bərqərar olması üçün regional münaqişələrin, ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini bildirmişdir.

Fransanın dövlət naziri Azərbaycanın Cənubi Qafqazdakı mövqeyini xatırladaraq, ölkələrimiz arasında hərtərəfli əlaqələrin daha da genişləndirilməsinin zəruriliyini vurğulamışdır.

Görüş qarşılıqlı anlaşma şəraitində keçmişdir.

Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev ümumi müzakirələrin gedişi zamanı İsveçrənin xarici işlər naziri Jozef Days, Ukraynanın xarici işlər naziri Anatoli Zlenko, Macarıstanın xarici işlər naziri Laslo Kovaç ilə qısa müddətli görüşlər də keçirmişdir.

X x x

Vilayət Quliyev sentyabrın 14-də GUÖAM-ın üzvü olan ölkələrin xarici işlər nazirlərinin ABŞ dövlət katibinin müavini E.Consun iştirakı ilə keçirilən görüşündə iştirak etmişdir. Xarici işlər nazirləri GUÖAM-ın iyulda Yaltada keçirilmiş sammitinin nəticələrini və qarşılıqlı əməkdaşlığın perspektivlərini müzakirə etmişlər. Nazirlər terrorizmə qarşı mübarizə, nəqliyyat dəhlizlərinin təhlükəsizliyi və səmərəliliyi, sərhədlərin və gömrük xidmətlərinin möhkəmləndirilməsi və ticarətin təşviq edilməsinə dair layihələr haqqında fikir mübadiləsi aparmışlar. ABŞ dövlət katibinin müavini E.Cons öz hökumətinin göstərilən sahələrdə GUÖAM ilə əməkdaşlığa hazır olduğunu bildirmiş və GUÖAM regionunda ticarət və nəqliyyatın inkişaf etdirilməsi təşəbbüsünü irəli sürmüşdür.

Sentyabrın 14-15-də xarici işlər naziri Vilayət Quliyev Xorvatiyanın xarici işlər naziri Tonin Pitsula, Tailandın xarici işlər naziri Surakiat Satirentay, Portuqaliyanın xarici işlər naziri Antoniyo Matinş da Kruş, Türkiyənin xarici işlər naziri Şükrü Sina Gürel, Livanın xarici işlər naziri Mahmud Həmmud, İspaniyanın xarici işlər naziri Ana Palasio, Laosun xarici işlər naziri Somsavat Lenqsavat, Andorranın xarici işlər naziri Xuli Minoves Trikel, Seneqal xarici işlər naziri Şeyx Tidian Qadio ilə görüşmüşdür.

Görüşlər zamanı Vilayət Quliyev həmin dövlətlərlə BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini, ikitərəfli, regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsinin qarşılıqlı maraqlara uyğun gəldiyini vurğulamış, Cənubi Qafqazda cərəyan edən hadisələr, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan tərəfinin göstərdiyi səylər, dövlətimizin beynəlxalq terrorizmə qarşı apardığı mübarizə, habelə regionda həyata keçirilən böyük iqtisadi layihələr barədə ətraflı məlumat vermişdir. Görüşlərdə eyni zamanda, beynəxalq və regional problemlərə münasibətdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunmuşdur. Azərbaycanın həmin ölkələrlə ikitərəfli münasibətlərinin inkişaf etdirilməsi məqsədi ilə müxtəlif səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin, hüquqi müqavilə bazasının genişləndirilməsinin vacibliyi xüsusi vurğulanmışdır. Aparılan danışıqlar zamanı Vilayət Quliyev BMT-nin İqtisadi və Sosial Şurasına bu ilin oktyabrında keçiriləcək seçkilərdə Azərbaycanın namizədliyinin dəstəklənməsini xahiş etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.