SİYASƏT
XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
Yanvarın 28-də respublikamızın xarici işlər naziri Vilayət Quliyev Avropa Birliyinin Azərbaycan üzrə xüsusi elçisi Renato Battini ölkəmizdə fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Vilayət Quliyev Avropa Birliyi ilə Azərbaycan arasındakı əlaqələrin möhkəmlənməsi istiqamətində R.Battinin mühüm rolunu yüksək qiymətləndirmiş və bu təşkilatla əməkdaşlığın gələcək inkişafına böyük əhəmiyyət verdiyini vurğulayaraq, əlaqələrin daha intensiv şəkildə davam etdirilməsinə tərəfdar olduğunu bildirmişdir.
Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi istiqamətində ölkəmizin Avropa Birliyi və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlığının zəruriliyini qeyd etmişdir.
Renato Batti Azərbaycanın Avropa Birliyi yanında daimi nümayəndəliyinin fəaliyyətini müsbət qiymətləndirərək, ölkəmiz ilə Avropa Birliyi arasındakı əməkdaşlığın genişlənməsinə və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq birliyin birgə səyləri nəticəsində tezliklə sülh yolu ilə həll olunmasına ümid etdiyini vurğulamışdır.
Vilayət Quliyev Renato Battiyə gələcək fəaliyyətində uğurlar arzuladı.