İQTİSADİYYAT
XARİCİ İŞLƏR NAZİRLİYİ XOCALI SOYQIRIMI HƏQİQƏTLƏRİNİN DÜNYA İCTİMAİYYƏTİNƏ ÇATDIRILMASI MƏQSƏDİ İLƏ MÜTƏMADİ TƏDBİRLƏR KEÇİRİR
Hələ ötən əsrin əvvəllərində ermənilərin soyqırımı siyasətinin hədəfinə çevrilmiş Azərbaycan xalqı 1918-ci ilin martında Bakıda, Şamaxıda, Qarabağda, Naxçıvanda, Zəngəzurda və Azərbaycanın başqa əyalətlərində törədilmiş qırğınların, qanlı faciələrin qurbanı olmuşdur.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə erməni silahlı birləşmələri keçmiş SSRİ silahlı qüvvələrinə məxsus olan və o dövrdə Xankəndidə yerləşən 366-cı alayın bilavasitə iştirakı ilə yeddi min nəfərə yaxın azərbaycanlının yaşadığı Xocalı şəhərinə beş istiqamətdən hücum etmişlər. Ermənilər ağır hərbi texnikanın köməyi ilə Xocalını yerlə-yeksan etmiş, mülki əhali - qadınlar, uşaqlar, qocalar və xəstələr ağlasığmaz vəhşiliklə qətlə yetirilmişdir. Beləliklə, ermənilər XX əsrin ən dəhşətli tarixi cinayətlərindən olan Xocalı soyqırımını törətmişlər.
Azərbaycan xalqına qarşı törədilmiş bu növbəti soyqırımı aktı nəticəsində 613 nəfər mülki şəxs öldürülmüş, 1275 nəfər girov götürülmüşdür. Faciə nəticəsində mindən artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst olmuşdur. Qətlə yetirilənlərin 106 nəfəri qadın, 83 nəfəri azyaşlı uşaq, 70 nəfəri isə ahıl qocalar olmuşdur.
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, XX əsrin sonunda insan hüquqlarının qorunduğu bir vaxtda, dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların diqqətini erməni vəhşiliyinin nəticəsi olan Xocalı soyqırımına cəlb etmək istiqamətində ölkəmizin xarici siyasət idarəsi və səfirlikləri də mütəmadi olaraq tədbirlər həyata keçirirlər. Beynəlxalq ictimaiyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ermənilərin törətdikləri vəhşiliklər barədə daha geniş məlumatlandırılmışdır. Səfirliklərimiz tərəfindən Xocalı soyqırımı dəhşətlərinin yerləşdikləri ölkələrin ictimaiyyətinə çatdırılması istiqamətində bir sıra təbliğat xarakterli tədbirlər həyata keçirilmişdir. Eyni zamanda, dünyanın müxtəlif şəhərlərində məskunlaşmış azərbaycanlı icmaları da böyük əhəmiyyət kəsb edən bu təbliğat işlərinə fəal qoşulmuş, bir sıra tədbirlər həyata keçirmişlər. Həmin tədbirlərdən əsas məqsəd cinayətkarların cəzalandırılmasına nail olmaq, Azərbaycan xalqına qarşı törədilmiş bu qırğınların bir daha baş verməsinin qarşısını almaqdır.