ELM VƏ TƏHSİL
XARİCİ ÖLKƏLƏRİN ALİ MƏKTƏBLƏRİNƏ QƏBUL OLUNMUŞ TƏLƏBƏLƏRLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
Görüşdə təhsil naziri Misir Mərdanov çıxış edərək demişdir ki, təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş xarici ölkələrlə tələbə mübadiləsinin ildən-ilə genişlənməsi Azərbaycanın xarici siyasətində mühüm yer tutur. Buna görə də xarici ölkələrdə təhsil almaq istəyənlərin sayı artmaqdadır. Azərbaycanlı gənclərin xarici ölkələrin ali məktəblərinə göndərilməsindən məqsəd dövlətimizin gələcəyinə xidmət etməkdən ibarətdir. Bu gün də bu mühüm məsələ Azərbaycan rəhbərliyinin diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, xarici ölkələrin universitetlərində təhsilin coğrafiyası xeyli genişlənmişdir. İndi gənclərimiz təkcə keçmiş SSRİ məkanında deyil, eyni zamanda Avropa, Amerika, Asiya ölkələrində təhsil alırlar. Dövlət və qeyri-dövlət xətti ilə Türkiyə Respublikasında təqribən 1500, Misir Ərəb Respublikasında 47, Ukraynada 25, Çində 18 tələbəmiz təhsilini davam etdirir. Bəzi xarici dövlətlərin Azərbaycana ayırdığı təqaüdlər əsasında Çexiya, Slovakiya, Rumıniya, Yunanıstan və digər ölkələrdə gənclərimiz müxtəlif ixtisaslara yiyələnirlər. 2004-2005-ci tədris ilində daha 200-dən çox gəncimiz xarici universitetlərdə təhsil almaq hüququ qazanmışdır.
Tələbə adını qazanan gəncləri təbrik edən və onlara öz tövsiyələrini bildirən nazir qeyd etmişdir ki, təhsil sahəsində Azərbaycan dövlətinin qayğısının ildən-ilə artırılmasının nəticəsində tələbələrə təqaüdlər, ildə bir dəfə yol xərci verilir, sığorta, yataqxana, təhsil haqqı məsələləri və digər problemləri həll olunur. Azərbaycanda isə təhsil almaq istəyən xarici tələbələrin sayı ilbəil artmaqdadır.
Moskva Beynəlxalq Əlaqələr İnstitutunun birinci kurs tələbəsi Zərifə Əsədova, Moskva Tibb Akademiyasının birinci kurs tələbəsi Mehriban Musayeva, Qahirə Universitetinin tələbəsi Zeynal Zeynalov, valideyn Allahverən Əsədov və başqaları çıxış edərək təhsil aldıqları məktəblərin müəllimlərinə, Təhsil Nazirliyinin rəhbərliyinə təşəkkür etmişlər.