İQTİSADİYYAT
XARİCİ TİCARƏT ƏLAQƏLƏRİ GENİŞLƏNİR
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsindən bildirmişlər ki, 2002-ci ilin yanvar-avqust aylarında ölkənin müəssisə və təşkilatları dünyanın 117 ölkəsi ilə ixrac-idxal əməliyyatları aparmışdır. Bu əməliyyatların ümumi həcmi 2,2 milyard ABŞ dolları, o cümlədən ixrac 1,2 milyard, idxal 1,0 milyard dollar təşkil etmiş, ölkə üzrə 136,3 milyon dollarlıq müsbət xarici ticarət saldosu yaranmışdır.
Xarici ticarət ələaqələrinin 74,6 faizi uzaq xarici ölkələr, 25,4 faizi MDB ölkələri ilə aparılmışdır. Hesabat dövründə xarici ticarət dövriyyəsinin böyük hissəsini – ixracın 89,2 və idxalın 44,8 faizini mineral məhsullar, maşın və mexanizmlər, elektrotexniki avadanlıq təşkil etmişdir. Ticarət əlaqələrinin 80 faizindən çoxu İtaliya, Rusiya, Türkiyə, Türkmənistan, Amerika Birləşmiş Ştatları, Fransa, Qazaxıstan, Almaniya, İsrail, İran, Birləşmiş Krallıq, Ukrayna və Gürcüstan dövlətlərinin payına düşmüşdür.