SİYASƏT
XARKOVDA YAŞAYAN AZƏRBAYCANLILAR NOVRUZ BAYRAMINI QEYD ETMİŞLƏR
Şənlikləri Xarkov vilayətindəki Azərbaycan-Ukrayna dostluq cəmiyyəti təşkil etmişdir.
Cəmiyyətin sədri, Ukrayna Milli-Mədəni Birliklər Assosiasiyasının vitse-prezidenti, Xarkovun Kiyev rayon Sovetinin deputatı, texnika elmləri namizədi M.Ömərov tədbiri açaraq Novruz bayramının tarixindən və ənənələrindən danışmış, Azərbaycanın Ukraynadakı səfiri T.Əliyevin bayram iştirakçılarına salamını yetirmişdir.
Xarkov vilayətinin hakimiyyət orqanlarının nümayəndələri toplaşanları milli bayram münasibətilə təbrik etmiş, Ukrayna ilə Azərbaycan arasında mədəni-iqtisadi əlaqələrin möhkəmlənməsi işində onlara uğurlar arzulamışlar. Sonra Ukraynanın xalq deputatı, Milli-Mədəni Birliklər Assosiasiyasının prezidenti A.Feldmanın təbrik məktubu oxunmuşdur.
“Dostluq” cəmiyyətinin fəxri üzvü, Ukrayna Elmlər Akademiyasının həqiqi üzvü E.Morşokov, BMT nəzdində Beynəlxalq İnformasiya Akademiyasının akademiki, texnika elmləri doktoru, professor, Ukrayna Milli Elmlər Akademiyasının kafedra müdiri A.Baxşəliyev, tibb elmləri doktoru, professor, Xarkov Milli Tibb Universiteti reabilitasiya və psixoterapiya kafedrasının müdiri T.Əhmədov və başqaları bayram iştirakçılarına xoş arzularını bildirmişlər.
Bayram böyük konsert proqramı ilə başa çatmışdır. Konsertdə “Qarabağ” ansamblı, “Azərbaycan inciləri” rəqs kollektivi, vaxtilə Azərbaycanda yaşamış sehrbazlar, Ukraynanın əməkdar incəsənət xadimləri Liliya və German Razuvayevlər çıxış etmişlər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev