MƏDƏNİYYƏT
XƏTAİNİN ƏSƏRLƏRİ TƏRCÜMƏ EDİLƏRƏK NƏŞR OLUNACAQDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Səfəvilər dövlətinin yaradıcısı, Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi Şah İsmayıl Xətainin dünyanın müxtəlif ölkələrində saxlanılan əlyazmalarının surətləri Bakıya gətiriləcək və yenidən tərcümə olunaraq nəşr ediləcəkdir.
Bu işlər Şah İsmayıl Xətai Fondunun təşəbbüsü və təşkilatçılığı ilə həyata keçiriləcəkdir. Fondun sədri Təvəkkül Əliheydəroğlu bildirmişdir ki, şairin “Divani-Xətai” əsərinin əlyazması Özbəkistan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Əlyazmalar Fondunda, “Divan”ı Parisin Milli Kitabxanasında türk əlyazmaları içərisində, “Nəsihətnamə”si Britaniya Muzeyinin türk əlyazmalar şöbəsində, Şeyx Səfinin əlyazmaları isə İran İslam Respublikasının Milli Muzeyində saxlanılır.
Bunlardan başqa, Ermitajda, İranın Ərdəbil şəhərində, Avropanın daha bir neçə ölkəsində və şəxsi arxivlərdə Şah İsmayıl Xətainin əlyazmaları qorunur.
Hazırda həmin əlyazmaların surətlərinin Bakıya gətirilməsi ilə bağlı danışıqlar aparılır.