MƏDƏNİYYƏT
“XATİRƏ KİTABI”NIN ÜÇÜNCÜ CİLDİ İŞIQ ÜZÜ GÖRDÜ
İlk səhifədə “Xatirə Kitabı”nın nəşrinə böyük diqqət və qayğı göstərən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə redaksiya heyəti və şurasının dərin minnətdarlığı ifadə olunmuşdur.
Cilddə soyadı “Ə” və “E” hərfi ilə başlayan azərbaycanlı Sovet İttifaqı Qəhrəmanlarının, Sovet qoşunlarının tərkibində Əfqanıstanda vuruşaraq həlak olan soydaşlarımızın, 20 Yanvar və Xocalı faciələri şəhidlərinin, habelə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan döyüşçülərin şəkilləri də verilmişdir.
“Xatirə Kitabı”nın latın əlifbası ilə indiyədək çap edilən I, II və III cildlərinə döyüşlərdə həlak olmuş, itkin düşmüş, şəhid olmuş 50 minədək soydaşımızın adları daxil edilmişdir.
Respublika Xatirə Kitabı Redaksiyasının Baş redaktoru Nahid Hacızadə AZƏRTAC-a bildirmişdir ki, ümummilli liderimiz Heydər Əliyev 1997-ci il dekabrın 23-də “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu imzaladıqdan sonra “Xatirə Kitabı”nın nəşri kimi çətin, xeyli vaxt, ağır zəhmət və maddi vəsait tələb edən proses sürətlənmişdir.
2005-ci il mayın 9-dək, yəni faşizm üzərində tarixi qələbənin 60 illiyinədək kitabın IV, V, VI cildlərini buraxmaq nəzərdə tutulur.
Ümumiyyətlə, 20 cildlik Respublika “Xatirə Kitabı”nın nəşrini 2015-ci ilə kimi başa çatdırmaq qərara alınmışdır.
Redaksiya bunlarla yanaşı “Azərbaycanın Milli Qəhrəmanları” kitabını çapa hazırlamışdır. “Azərbaycanın Sovet İttifaqı Qəhrəmanları” kitabı da qələbənin 60 illiyinədək işıq üzü görəcəkdir.
Müharibələrdə, məkrli tarixi düşmənlərimizin hərbi təcavüzləri, Azərbaycan ərazisində törətdikləri qanlı faciələr zamanı həlak olan soydaşlarımızın xatirəsi qədirbilən xalqımız üçün əzizdir. Onların adını, ruhunu əbədiyyətə qovuşduran, gələcək nəsillərə tanıdan təkcə daş heykəllər, büstlər, xatirə abidələri deyil, həm də bu “Xatirə Kitabı”nın cildləri olacaqdır.