SİYASƏT
XƏZƏRİN SAHƏLƏRƏ BÖLÜNMƏSİ MƏSƏLƏSİ RAZILAŞDIRILIR
AZƏRTAC-ın müxbiri Astanadan xəbər verir ki, Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi üzrə Qazaxıstan və Türkmənistan ekspertləri arasında burada aparılan danışıqların ikinci dövrəsi başa çatmışdır. Danışıqlarda Astana və Aşqabad bildirmişlər ki, Xəzər dənizinin dibi və təkinin Azərbaycan, Qazaxıstan və Türkmənistan arasında həmhüdud sahələrinin bölünmə xəttinin qovuşduğu yerlə bağlı məsələni razılaşdırmaq üçün bu dövlətlər arasında üçtərəfli danışıqlar aparılmalıdır. Qazaxıstan Xarici İşlər Nazirliyinin informasiya və təhlil idarəsinin mətbuat üçün məlumatında deyilir ki, tərəflər Xəzər dənizinin sahil xəttinin və onun bölünməsinin orta xəttinin başlanğıc baza nöqtələrinin coğrafi koordinatlarının kataloqlarını, habelə müvafiq dövlətlərarası sazişin layihəsini də razılaşdırmışlar. Qarşılıqlı razılığa əsasən Qazaxıstanla Türkmənistan arasında ikitərəfli danışıqlar davam etdiriləcəkdir. Xatırladaq ki, Qazaxıstan Xəzərin dibinin bölünməsinə dair sənədləri Rusiya və Azərbaycanla təsdiqləmişdir.