XƏZƏRİN SUMQAYIT SAHİLLƏRİNDƏ ÇİMMƏK QİSMƏN QADAĞAN OLUNMUŞDUR
AzerTAg.az
Sumqayıtın Gigiyena və Epidemiologiya Mərkəzi şəhər çimərliklərində çimməyi qadağan etmişdir.
Mərkəzin direktoru Solmaz Hüseynova AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, mütəxəssislər Hacı Zeynalabdin Tağıyev adına qəsəbə ilə Corat qəsəbəsi arasındakı xüsusi ayrılmış 9 sahədə hər həftə dənizdən kimyəvi və bakterioloji nümunələr götürürlər. Şəhərin sənaye müəssisələri uzun müddət işləmədiyindən kimyəvi analizlərin göstəriciləri narahatlıq doğurmur. Lakin Sumqayıt xeyli böyümüşdür. Şəhərin bütün kommunikasiya sistemləri və təmizləmə qurğuları vaxtilə 180 min adam üçün nəzərdə tutulmuşdu. İndi isə şəhərdə məcburi köçkünlərlə birlikdə, təxminən 350 min adam yaşayır. Təmizləmə qurğuları həddindən artıq yükləndiyinə, eləcə də köhnəldiyinə görə dənizə axan çirkabı səmərəli sürətdə zərərsizləşdirə bilmir.
Bakterioloji analizlərin nəticələri qeyri-qənaətbəxş olduğuna görə, Sumqayıt sahillərindəki çimərliklərdə çimmək rəsmən qadağan edilmişdir.
Xəbərin mətnində orfoqrafik səhv var