CƏMİYYƏT


XƏZƏR DƏNİZİNDƏ BÜTÜN NEFT SIZMALARININ ÜZƏ ÇIXARILMASI YOLLARI İŞLƏNİB HAZIRLANIR

“Crude Accountability” beynəlxalq qeyri-hökumət təşkilatının təşəbbüsü ilə Bakıda təşkil edilən ikinci ictimai Forumda vurğulanmışdır ki, neft hasil və nəql olunan heç bir dənizdə qəza hallarının baş verməyəcəyinə zəmanət yoxdur. Təəssüf ki, mümkün neft sızmaları Xəzərdə də tez-tez reallığa çevrilir.

Forumda Azərbaycan, Rusiya, Gürcüstan və Türkmənistan ictimaiyyətinin və dövlət qurumlarının nümayəndələri neft sızmaları ilə əlaqədar hadisələrin və normativ aktların informasiya şəffaflığının təmin olunması, Xəzərdə neft sızmalarına münasibətə dair plan, o cümlədən iri neft sızmaları təqdirində bütün Xəzəryanı dövlətlərin birgə fəaliyyəti barədə plan hazırlanmasının zəruriliyini müzakirə etmiş, dənizin müxtəlif sektorlarında neftlə çirklənmənin əsas mənbələrini nəzərdən keçirmişlər.

“Crude Accountability” təşkilatının ABŞ şöbəsinin rəhbəri xanım Mişel Kinman demişdir ki, bütün Avropa, ümumən dünya üçün mühüm rol oynayan Xəzər dənizində neft sızmalarının real təhlükəsini üzə çıxarmaq xüsusilə vacibdir. Daim ictimai monitorinq keçirilməsi kiçik sızmaların harada baş verdiyini müəyyənləşdirməyi təmin edə bilər. Xanım Kinman neft sızmalarına qarşı mübarizə və onların qarşısını almaq, o cümlədən terminalların, tankerlərin və digər obyektlərin monitorinqini keçirmək üçün daimi qrup yaradılmasını təklif etmişdir. Onun fikrincə, çirklənmiş ərazilərin təmizlənməsi və bərpa olunması, zərər çəkmiş dəniz heyvanlarına və quşlara kömək göstərilməsi işinə ictimaiyyət də qoşulmalıdır.

Təşkilatın Moskva şöbəsinin nümayəndəsi Aleksey Knijnikovun sözlərinə görə, 1992-ci ildən bəri Xəzərdə neftlə çirklənmənin əsas mənbələrinin kosmosdan çəkilmiş şəkilləri öyrənilir. Bu şəkillərin təhlili göstərir ki, Xəzərdəki bir çox obyektlərdə karbohidrogen ehtiyatları işlənilərkən ekoloji təhlükəsizlik tələblərinə əməl edilmir.

Gürcüstan ekspertləri Bakı-Tbilisi-Ceyhan boru kəmərini zədələmək risklərinin azaldılması üsullarını nümayiş etdirmiş, Bakının qeyri-hökumət təşkilatlarının nümayəndələri Xəzərdə ictimai monitorinq aparılması təcrübəsindən danışmışlar. ARDNŞ-in ekoloji məsələlər üzrə nümayəndəsi Ağamahmud Siracov Xəzər dənizinin ekosisteminin qorunması sahəsində şirkətin həyata keçirdiyi tədbirlərdən bəhs etmişdir. O, 2002-ci ilin payızında batmış “Merkuri-2” gəmisi barədə suala cavab verərək bildirmişdir ki, Azərbaycan bu gəmidən dənizin dibinə düşmüş neft dolu konteynerlərin vəziyyətini öyrənmək üçün imkanlara, o cümlədən kənardan lazerlə tədqiq etmək imkanına malik deyildir.

“Crude Accountability” təşkilatının Bakı şöbəsinin nümayəndəsi S.Heydərova vurğulamışdır ki, ölkəmizdə 1 və 2-ci dərəcəli sızmaların qarşısını almağa imkan var. Daha iri qəzalar zamanı biz kömək üçün beynəlxalq təşkilatlara müraciət etməliyik. İndi Azərbaycanda neft sızmalarının nəticələrinin aradan qaldırılması ilə iki struktur - Xəzər Hövzə Qəza-Xilasetmə İdarəsi və Şotlandiyanın fövqəladə halların ləğvi sahəsində ixtisaslaşan “Briqqz Marin” şirkətinin Azərbaycandakı nümayəndəliyi. Su altında qalmış və ağzı bağlanmamış quyular da böyük təhlükə törədir. Rəsmi məlumata görə, Xəzərin təkcə Qazaxıstan sektorunda bu cür 2650 quyu var. Bununla əlaqədar bütün Xəzər hövzəsi ölkələrinin qeyri-hökumət təşkilatlarının öz hökumətlərinə müraciəti qəbul olunmuşdur. Müraciətdə onlar öz hökumətlərini dənizin bioloji ehtiyatları üçün son dərəcə təhlükəli olan bu ekoloji problemə diqqət yetirməyə çağırırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.