SİYASƏT


XƏZƏR DƏNİZİNDƏ HƏRBİ DƏNİZ TƏLİMLƏRİNİN YEKUN MƏRHƏLƏSİ BAŞLANMIŞDIR

Avqustun 10-da Dağıstanın Kaspiysk şəhəri yaxınlığındakı “Skornion” poliqonunda Şimali – Qafqaz hərbi dairəsi bölmələrinə silahlı müqavimət göstərən “quldur birləşmələrini” dənizdən mühasirəyə almaq məqsədi ilə “Kalman”, “Ceyran”, “Skad” gəmilərindən sahilə taktiki dəniz desantının çıxarılması üzrə manevrlər oldu. Bundan başqa, Su-24 təyyarələrinin kəşfiyyat uçuşu və hərbi gəmilərdən sahilə desant çıxarılmasının atəşlə dəstəklənməsi əməliyyatı da keçirildi. Həmin günün axşamı hərbi gəmilərin mülki donanma ilə qarşılıqlı fəaliyyəti çərçivəsində gəmilərdən zirehli texnikanın sahilə çıxarılması əməliyyatı yerinə yetirildi. Avqustun 9-da Mahaçqalaya gəlmiş Rusiyanın müdafiə naziri Sergey İvanov bildirdi ki, Xəzər dənizində keçirilən təlimlərdən əsas məqsəd beynəlxalq terrorizmlə mübarizədə sahilyanı ölkələrin səylərini birləşdirməkdir.

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) təlimlərdə iştirak edən zabitləri xüsusi quraşdırılmış “Turali-4” baxış meydançasından manevrlərin gedişini izləmişlər.

Azərbaycan HDQ-nın II dərəcəli kapitanı Ulduz Rəcəbov AZƏRTAC-ın müxbirinə bildirdi ki, “Quba” tral gəmisi, habelə “Hidroqrafiya-301” və “Haçı” gəmiləri Rusiya hərbi gəmilərinə avqustun 12-də qoşulacaqlar. Həmin gün bioloji ehtiyatların qorunması və brakonyerlərlə mübarizə vəzifəsini yerinə yetirən dəniz mühafizəsi qüvvələrinə kömək göstərilməsi üzrə manevrlər keçiriləcəkdir. Adı çəkilən gəmilərdən yalnız biri – “Quba” tral gəmisi hərbi gəmidir. Qalanları zədələnmiş gəmilərə kömək göstərəcəklər.

Təlimlər keçirilən gün Rusiyanın müdafiə naziri Sergey İvanov, Tatarıstan Prezidenti Mintimer Şaymiyev və Dağıstan Dövlət Şurasının sədri Məhəmmədəli Məhəmmədov Mahaçqala dəniz ticarət limanında dəmiryolu bərəsi ilə tanış olmuşlar. Elə oradaca “Akvarama” gəmi-bərəsindən sahilə desant və zirehli texnika çıxarılması əməliyyatı keçirildi.

Manevrlər başa çatdıqdan sonra mətbuat konfransı təşkil edildi. Rusiyanın müdafiə naziri Sergey İvanov bildirdi ki, Azərbaycanın və Qazaxıstanın hərbi dəniz təlimlərində iştirakı Xəzəryanı ölkələrin əməkdaşlığının möhkəmlənməsinə kömək edəcəkdir. O dedi: “Mənim üçün xoşdur ki, Azərbaycanın hərbi qulluqcuları rusiyalı həmkarlarına qoşulmuşlar”. Sergey İvanov Azərbaycan, Qazaxıstan və İran hərbi qulluqçuları ilə də görüşdü, habelə onlarla xatirə şəkli çəkdirdi.

İran HDQ-nin kontr-admiralı Məhəmməd Dehqani jurnalistlərlə söhbətində bildirdi ki, İran bu hərbi dəniz təlimlərini Rusiyanın və digər ölkələrin güc nümayiş etdirməsi kimi deyil, regionda sabitliyin təmin olunmasında qüvvələrin birləşdirilməsi kimi qiymətləndirir.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Kaspiysk şəhəri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.