İQTİSADİYYAT
XƏZƏR İNTEQRASİYA İŞGÜZAR KLUBU ƏSRİN MÜQAVİLƏSİNİN 10 İLLİYİ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRMİŞDİR
Tədbirdə klubun prezidenti Telman Əliyev çıxış edərək demişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin imzaladığı “Əsrin müqaviləsi” bütün regionun iqtisadiyyatının inkişafına kömək etmişdir.
İki il bundan əvvəl yaradılmış CİBC-in fəaliyyəti və strukturu haqqında məlumat verən natiq qeyd etmişdir ki, bu klub Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və qayğısı ilə yaradılmışdır. “Caspian Enerjy” Beynəlxalq Nəşriyyat Evi və Xəzər İnteqrasiya İşgüzar Klubu informasiya bazası təşkil edərək şirkətdə iş tapmaq, yüksək mütəxəssis dərəcəsi almaq istəyənlər üçün iş yerlərinin açılması üzrə yeni layihənin həyata keçirilməsinə başlayır. İkinci layihə isə “Biznes Class” jurnalının buraxılmasıdır. Bu jurnal təkcə Azərbaycanda deyil, Qazaxıstan, Rusiya, Ukrayna və digər Avropa ölkələrində yayılacaqdır. Bu gün klub öz ətrafında kiçik və orta biznesin inkişafı istiqamətində çalışan 100-dək şirkəti birləşdirir.
Çıxış edənlər demişlər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə 600 min yeni iş yeri açılması üzrə proqramın həyata keçirilməsində CİBC var qüvvəsini sərf edəcəkdir.
Axırda Consolidated Contraktors İnternational Company şirkətinin baş meneceri Cuan Bulos klubun işini müsbət qiymətləndirmiş və yeni üzv olan Caspian Petroleum@ Qaz Servise Club-a sertifikat təqdim etmişdir.