MƏDƏNİYYƏT
“XEYRƏDDİN QOCANIN GÜLÜŞÜ”
“Mən gülüş dolu əsərləri ona görə yazmıram ki, yalnız oxuyub gülsünlər, yazıram ki, “marallarım”ın düşdüyü vəziyyəti görsünlər və düşünsünlər...” Bu leytmotiv altında “Çinar-çap” nəşriyyatı “Xeyrəddin Qocanın gülüşü” adlı miniatür kitab buraxmışdır.
İndiyədək 10 kitabın, 5 pyesin, yüzlərlə satiranın müəllifi olan yazıçı Xeyrəddin Qocanın başına həm də qəribə əhvalatlar gəlmişdir. Bu əhvalatlarda yazıçının mənalı, gülüş doğuran hazırcavablığı da, atmacaları da, bəzən bilərəkdən, bəzən bilməyərəkdən etdiyi hərəkətlər də - onun bir ədib kimi sadiq olduğu satiraya, yumora, tənqidə xidmət edir.
“Ürəkdən gülmək istəyirsinizsə...” adlı ön söz əvəzində xalq şairi Nəriman Həsənzadə yazır ki, müəllif hamı və hər kəslə danışdıqca, əslində öz düşüncələrini çatdırır, beləliklə, teatr işçilərinin dili ilə desək, personajların birinə çevrilir. Cəmiyyətdə yaşayıb, cəmiyyətdən kənarda qalmır. O, həyatı, insanları sevir, qəlbindəki işığı paylamaq istəyir və paylayır da...”.
Kitabın naşiri Qoşqar İsmayıloğlu isə oxuculara müraciətlə deyir ki, “Xeyrəddin Qocanın gülüşünü miniatür kitab şəklində çap etdik ki, onun səmimiyyəti sizinlə “yol yoldaşı” olsun. Əhvalınızı hər yerdə yüksəldə bilsin. Görəcəksiniz, satira, yumor, gülüş çox yerdə sizinlə olacaq”.