CƏMİYYƏT
XIII Belarus beynəlxalq mediaforumunun qətnaməsi qəbul olunub
Minsk, 12 sentyabr, AZƏRTAC
Sentyabrın 12-də Minskdə “Gələcək naminə tərəfdaşlıq: media məkanı üçün rəqəmsal gündəm” mövzusunda keçirilən XIII Belarus beynəlxalq mediaforumunun qətnaməsi qəbul olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Belarusun informasiya nazirinin birinci müavini Pavel Lyoqkiy forum iştirakçılarını qətnamənin mətni ilə tanış edib. Qətnamədə dünya media orqanları arasında təcrübə mübadiləsinin davam etdirilməsinin, ənənəvi mətbuatın mövqeyinin möhkəmləndirilməsinin, onun müasir tələblərə cavab verən rəqəmsal mediaya transformasiyası üçün birgə qlobal layihələrin həyata keçirilməsinin önəmi qeyd olunur.
Sənəddə vurğulanır ki, forum iştirakçıları informasiya təhlükəsizliyinin təmin olunması və yalan məlumatların yayılmasının qarşısının alınması üçün birgə mübarizə aparmalıdırlar.
Sentyabrın 12-də forum çərçivəsində müxtəlif mövzular ətrafında panel müzakirələr də aparılıb.
Mediaforumda 30-dək ölkədən 300 nümayəndə iştirak edir. İlk dəfə olaraq beynəlxalq mediaforuma Vyetnam, Monqolustan və Banqladeşdən də nümayəndə heyətləri qatılıb. İştirakçılar arasında, həmçinin Almaniya, Fransa, Avstriya, Bolqarıstan, ABŞ və İsraildən olan qonaqlar var. Forumda Azərbaycanı AZƏRTAC və Trend informasiya agentlikləri təmsil edir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk