ELM VƏ TƏHSİL
“XIII-XIV əsrlər Azərbaycanda elm və mədəniyyət (farsdilli mənbələr əsasında)” kitabı çap olunub
Bakı, 12 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin əməkdaşı Elxan Quliyevin “XIII-XIV əsrlər Azərbaycanda elm və mədəniyyət (farsdilli mənbələr əsasında)” kitabı çap olunub.
Bu barədə AZƏRTAC-a Elm Tarixi İnstitutundan məlumat verilib. Bildirilib ki, kitabın elmi redaktoru institutun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəylidir.
Kitabın yazılmasında məqsəd XIII-XIV əsrlərdə farsdilli qaynaqlarda Azərbaycanın elm və mədəniyyət tarixinə dair məlumatları üzə çıxarmaq, habelə müasir tədqiqat əsərlərindən faydalanaraq həmin dövrlərdə Azərbaycanın elm və mədəniyyət tarixini işıqlandırmaqdan ibarətdir. Bəhs olunan dövrlərdə fars dilində yazılan tarixi mənbələrdə Azərbaycan elm və mədəniyyət tarixinə dair məlumat və faktlar kitabın əsasını təşkil edir, kitab bu istiqamətdə bir ilkdir.
Dövr haqqında zəngin informasiyanın əks olunduğu kitab XIII-XIV əsrlərdə Azərbaycanda mənəvi və mədəni həyat, dini görüşlər, bayramlar, toy və yas mərasimləri, elm və mədəniyyət ocaqları, kitabxanalar, səhiyyə, humanitar, ictimai, dəqiq və təbiət elmləri, eləcə də incəsənət, peşə və sənətkarlıq, şəhərsalma və memarlıq haqqında geniş təsəvvür yaradır. Kitab ali məktəblərin müəllim və tələbələri, eləcə də idarəetmə ilə məşğul olan vəzifəli şəxslər, Azərbaycanın elm və mədəniyyət tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.