RƏSMİ XRONİKA
XII YAY PARALİMPİYA OYUNLARININ GÜLLƏ ATICILIĞI ÜZRƏ BÜRÜNC MÜKAFATÇISI YELENA TARANOVANIN ÇIXIŞI
İlk növbədə, qayğınıza, Olimpiya və Paralimpiya hərəkatlarında bilavasitə iştirakınıza görə Sizə təşəkkür etmək istəyirəm. Heç kimə sirr deyil ki, Siz Milli Olimpiya Komitəsinə başçılıq etməyə başladığınız vaxtdan bəri Azərbaycan idmanı irəliyə doğru böyük sıçrayış etmişdir.
Biz Paralimpiya hərəkatının inkişafına verdiyiniz töhfəni yüksək qiymətləndiririk. Sizin olimpiya və paralimpiya yığma komandalarının idmançıları arasında fərq qoymamağınız bizim üçün çox əhəmiyyətlidir. Məhz bu amil komandamızın Afina Paralimpiya Oyunlarında layiqincə çıxış etməsində böyük stimula çevrilmişdir.
Mənə komandamızın Paralimpiya Oyunlarında uğurlu çıxışı ilə əlaqədar ölkə Prezidenti ilə görüşdə ikinci dəfə iştirak etmək şərəfi nəsib olmuşdur. Dörd il əvvəl Prezident Heydər Əliyev ilə görüşdə idmançılarımızın Sidney Paralimpiya Oyunlarında uğurlarından danışarkən keçirdiyim qürur və məmnunluq hissləri qəlbimdə bu gün də coşub-çağlayır. O vaxt biz ölkəmizə bir qızıl və bir gümüş medal gətirmişdik. İndi isə böyük iftixar hissi ilə deyə bilərəm ki, biz paralimpiyaçı idmançılar ölkəmizin daxılına daha iki qızıl, habelə gümüş və bürünc medallar əlavə etmişik. Mən Sidneydə gümüş, Afinada isə bürünc medal qazandım. İndi qarşıma Pekin Paralimpiya Oyunlarından ölkəmizə qızıl medal gətirmək məqsədi qoymuşam.
İdmandan fərqlənən, lakin cəmiyyətimiz üçün eyni dərəcədə əhəmiyyətli olan mövzuda bir neçə söz demək istərdim. Mən 1997-ci ildən əlillik məsələləri üzrə ictimai fəaliyyətlə məşğul oluram. Ölkəmizdə baş vermiş müsbət dəyişiklikləri qeyd etmək istərdim. Bu dəyişikliklər ictimai hərəkatı fəallaşdırmağa və ictimai təşkilatların inkişafına və onların ümumi işə öz töhfəsini verməsinə imkan yaratmışdır. Bu, Prezident Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin bəhrəsi və nəticəsidir.
Hazırda mən əlillik məsələləri üzrə “Lotos” mərkəzinin rəhbəriyəm. Bizim Mərkəz əlil insanların cəmiyyətə inteqrasiyası məsələləri ilə məşğul olur, təhsilə xüsusi diqqət yetirir. Cəmiyyətdə itirilmiş insan ola bilməz, hər bir insan nadir qabiliyyətə malikdir və onun bu qabiliyyəti cəmiyyətin rifahına xidmət etməlidir. Məhz təhsil hər bir insana nəyə qadir olduğunu göstərməyə və öz ölkəsinə gərəkli olmağa imkan verir. Bununla əlaqədar fürsətdən istifadə edərək, xeyriyyəçilik fəaliyyətinə görə, habelə xüsusi tələbatı olan uşaqlara qayğı və həyanlığına görə Mehriban xanım Əliyevaya təşəkkürümü bildirmək istərdim. Mehriban xanım əqli və fiziki cəhətdən qüsurlu uşaqların məsələləri ilə məşğul olmağa başladığı və cəmiyyətdə kök salmış stereotiplər üzündən uzun müddət diqqətdən kənarda qalmış bu uşaqlar üçün yeni imkanlar açdığı vaxtdan bəri işimiz yeni təkan almışdır.
Cənab Prezident, sonda Afina Paralimpiya oyunlarında idmançılarımızın nailiyyətlərinə yüksək qiymət verdiyinizə görə Sizə təşəkkürümü bildirmək və Sizi komandamızın adından əmin etmək istəyirəm ki, biz ölkəmizi beynəlxalq aləmdə bundan sonra da layiqincə təmsil etməyə çalışacağıq.