XİLASEDİCİLƏR ÇİMƏRLİKLƏRDƏ TƏHLÜKƏSİZLİYİ TƏMİN EDİRLƏR
Dövlət Sularda Xilasetmə Xidmətinin respublika çimərlikləri üzrə 37, o cümlədən Bakı, Abşeron və Sumqayıt çimərliklərində isə 20 məntəqə və postu fəaliyyət göstərir. Xidmətin 180 nəfər xilasedicisi şəhər əhalisinin və qonaqların Xəzərdə təhlükəsizliyini təmin edir.
Xidmətin rəis müavini Sahib İsmayılov bildirmişdir ki, mövsüm ərzində dənizdə 3 nəfər boğulmuş, 24 nəfər boğulma təhlükəsindən xilas edilmişdir. Boğulma faktlarından ikisi “Min bir gecə”, biri isə “Tropikanka” çimərliklərində qeydə alınmışdır.
Dənizdə batma halları, əsasən 12-30 yaşlı gənclər arasında baş verir. Bu da ondan irəli gəlir ki, onlar çox zaman təhlükəsizlik qaydalarına əməl etmir, təhlükəli ərazidə üzdükləri barədə xilasedicilərin xəbərdarlığına məhəl qoymurlar.