DÜNYA


XİN: Almaniyaya LNG təchiz edən ABŞ şirkətləri rəqabət aparacaq gücdə deyillər

Bakı, 5 oktyabr, AZƏRTAC

Almaniyaya mayeləşdirilmiş təbii qaz (LNG) təchiz edən ABŞ şirkətləri rəqabət aparacaq gücdə deyillər.

AZƏRTAC xəbər verir ki, bu barədə Almaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ölkəyə LNG nəql edən ABŞ tədarükçüləri rəqabət aparacaq gücdə deyillər. Nazirlikdən ABŞ Prezidenti Donald Trampın dediklərinə zidd olaraq enerji tədarükündə Rusiyadan asılılığın olmadığı bildirilib.

Lakin buna baxmayaraq Almaniyanın yanacaq tədarükündə Rusiyanın payı 50 faizə yaxınlaşır. Keçən ilin məlumatlarına görə, Rusiyanın “Gazprom” şirkəti Avropaya təbii qaz nəqlini 8 faiz artıraraq ixracda rekorda imza atıb. Almaniya Rusiya şirkəti üçün ən böyük bazar olaraq qalır.

Rusiyanın energetika naziri Aleksandr Novak deyib ki, Avropa azalan istehsal və artan istehlakla əlaqədar qarşıdakı 10 il ərzində Rusiyadan idxal etdiyi qazın həcmini 100 milyard kubmetr artıracaq.

ABŞ Enerji Nazirliyi də Avropanın qarşıdakı 20 il ərzində Rusiya qazından asılı olacağını hesablayıb. Lakin rəsmi Vaşinqton bu vəziyyətin dəyişməsi üçün səylərini əsirgəmir.

Almaniyanın Rusiyadan “Şimal axını 2” (“Nord Stream 2”) təbii qaz boru kəməri ilə ölkə enerji tələbatının 60-70 faizini təmin edəcəyindən narahatlıq keçirən Donald Tramp Avropa İttifaqının öz təhlükəsizliyi üçün ABŞ-dan LNG almalı olduğunu deyib. Lakin Almaniya və Avropa Rusiya təbii qazına görə təxminən 30 faiz baha olan ABŞ maye qazına ehtiyac duymur.

Almaniyanın Xarici İşlər Nazirliyinin bu bəyanatı onu göstərir ki, rəsmi Berlin Polşa və Litvanın etdiyi kimi qaz müqavilələrini siyasi əsaslarla həyata keçirməyə hazır deyil.

Analitiklərin fikrincə, D.Trampın Almaniya Rusiyadan “asılıdır” kimi iddiaları enerji əməkdaşlığı prosesini siyasi zəminə çevirmək cəhdidir. Rusiya isə ABŞ-dan fərqli bir formada bazar qaydalarına riayət edərək öz keyfiyyətli məhsulunu bazar qiymətindən baha istehlakçılara təqdim edir və çatdırılması üçün də zəmanət verir. Əməkdaşlıq isə bir-birinə olan bağlılığa əsaslanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.