SİYASƏT


XİN: Belqrad hava limanındakı “Duty Free” mağazasında dırnaqarası “artsakh” brendinin məhsullarının satışı qadağan edilib

Bakı, 4 dekabr, AZƏRTAC

Son günlər Nikola Tesla adına Belqrad hava limanındakı “Duty Free” mağazasında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş tarixi ərazilərində yaradılmış qondarma rejim tərəfindən istehsal olunan və bu rejimin adına uyğun olaraq dırnaqarası “artsakh” brendi ilə şərab, konyak, araq və digər spirtli içki məhsullarının “Armenian flavours” adlı ayrıca guşədə satışa çıxarıldığı Azərbaycanın Serbiyadaki səfirliyi tərəfindən aşkar olunub. Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, məsələ ilə bağlı səfirliyimiz tərəfindən Serbiya Respublikasının dövlət və hökumətinə operativ qaydada notalar ünvanlanıb, müvafiq görüşlər keçirilib. Azərbaycan dövlətinin işğal altında qalan tarixi ərazilərinə Ermənistan tərəfindən qondarma adlar verilərək həmin ərazilərdə istehsal olunan məhsulların xarici ölkələrdə təqdim edilməsinə, onların satışa çıxarılmasına qəti etiraz edilib, bu kimi faktların Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik kimi qiymətləndirildiyi bildirilib. Həmçinin “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Dostluq Münasibətləri və Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” və 21 may 2018-ci il tarixində imzalanmış “Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı”nın müvafiq müddəalarına istinad edərək Nikola Tesla adına Belqrad hava limanındakı “Duty Free” mağazasında dırnaqarası “artsakh” brendi adı ilə müxtəlif spirtli içki məhsullarının satışının aradan qaldırılması xahiş edilib.

Səfirlik tərəfindən görülmüş çevik, təxirəsalınmaz tədbirlər nəticəsində sözügedən məhsulların Belqrad hava limanındakı “Duty Free” mağazasında satışı qadağan edilib, məhsullar satış rəflərindən yığışdırılıb, Azərbaycan və Serbiya arasında qarşılıqlı etimad və etibara, beynəlxalq səviyyədə mövcud olan davamlı dəstəyə söykənən strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun olaraq, ölkələrimizin milli maraqlarına zidd olan hər hansı bir addımın qarşısının alınacağı vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.