SİYASƏT


XİN: “Lazerev klubu”nda səsləndirilən fikirlər Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək məqsədi güdür

Bakı, 5 dekabr, AZƏRTAC

Ermənistan və Rusiya KİV-ləri bu ilin 30 noyabr–1 dekabr tarixlərində Yerevanda keçirilmiş Rusiya-Ermənistan “Lazarev klubu”nun birinci iclası barədə məlumatlar yayıb. Özünü ictimai diplomatiyanın yeni formatı qismində təqdim edən bu klubun əsas təşəbbüskarlarından və təşkilatçılarından biri hazırda Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının yeddinci çağırışında MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitə sədrinin birinci müavini vəzifəsini tutan Konstantin Zatulindir. Təşkilatçılar tərəfindən Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin nümayəndələrinin iclasa dəvət olunması, həmçinin iclas zamanı K.Zatulinin özü, eləcə də Rusiya XİN-in Veteranlar Şurasının keçmiş sədri, fövqəladə və səlahiyyətli səfir ranqı olan Vladimir Kazimirov, MDB ölkələri institutunun direktor müavini Vladimir Yevseyev və digər şəxslər tərəfindən səsləndirilən və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı açıq hücum xarakteri daşıyan fikirlər Azərbaycan və Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə xələl gətirmək məqsədi güdür.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlamasında bildirilir.

Açıqlamada deyilir: “Bundan əlavə, K.Zatulinin səsləndirdikləri fikirlər MDB çərçivəsində əməkdaşlığın inkişafı maraqlarına qarşı gələrək, onun Dövlət Dumasının müvafiq komitə rəhbərinin birinci müavini statusuna uyğun gəlmir. V.Yevseyevin açıqlaması isə tamamilə cəfəngiyatdır və MDB çərçivəsində əməkdaşlığın ruhuna zərbədir. Nəhayət, “Lazerev klubu”nun ümumi tonu Rusiya Federasiyası da daxil olmaqla, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinin irəli aparılması səyləri ilə ziddiyyət təşkil edir.

Azərbaycan Respublikası məsələ ilə bağlı narazılığını Rusiya Federasiyasındakı səfirliyi vasitəsilə Rusiya Xarici İşlər Nazirliyinin diqqətinə çatdırıb”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.