SİYASƏT


XİN: Lüksemburqun xarici işlər nazirinin Azərbaycanı ittiham etməsi onun bölgədəki vəziyyətdən xəbərsiz nümayiş etdirdiyi qərəzli mövqeyinin göstəricisidir

Bakı, 25 fevral, AZƏRTAC

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsi Lüksemburqun xarici işlər nazirinin BMT-nin İnsan Hüquqları Şurasının 46-cı iclasında çıxışı zamanı səsləndirdiyi bəzi fikirlərə münasibət bildirib.

XİN-dən AZƏRTAC-a bildirilib ki, Lüksemburq xarici işlər və Avropa məsələləri üzrə naziri Jan Asselbornun fevralın 24-də BMT İnsan Hüquqları Şurasının 46-cı iclasında çıxışı zamanı “Azərbaycan Dağlıq Qarabağda çoxlu dağıntılara səbəb olan hərbi hücumda və Türkiyəni onu dəstəkləməkdə” ittiham etməsi bu dövlət rəsmisinin bölgədəki vəziyyətdən xəbərsiz şəkildə və beynəlxalq hüququn müvafiq prinsiplərinə tamamilə zidd olaraq nümayiş etdirdiyi qərəzli mövqeyinin göstəricisidir.

Qeyd olunub ki, özünü insan hüquqları keşikçisi kimi qələmə verməyə çalışan Jan Asselborn Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini işğal altında saxlayıb, bu ərazilərdə qanlı etnik təmizləmə həyata keçirərkən, 1 milyondan çox azərbaycanlının fundamental hüquqlarını kobud şəkildə pozarkən bu məsələni nəyə görə bir dəfə də olsun BMT İnsan Hüquqları Şurasında və ya digər müvafiq beynəlxalq platformada qaldırmayıb? Bəlkə Lüksemburq XİN-in Ermənistanın sentyabrın 27-də əl atdığı növbəti hərbi təxribat nəticəsində başlayan hərbi əməliyyatlar zamanı Ermənistan silahlı qüvvələrinin məqsədyönlü şəkildə döyüş əməliyyatları zonasından uzaqda yerləşən mülki insanları hədəfə aldığı, 100-dən çox günahsız azərbaycanlını qətlə yetirdiyi barədə məlumatı yoxdur?

İnsan hüquqları məsələsini siyasi qərəzlilik mövzusuna çevirmək heç kimə, o cümlədən Lüksemburq xarici işlər nazirinə başucalığı gətirməz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.