SİYASƏT
XİN: Niderland parlamenti nümayəndələr palatasının qondarma “erməni soyqırımı” ilə bağlı qərarını qərəzli hesab edirik
Bakı, 23 fevral, AZƏRTAC
Niderland Krallığı parlamentinin nümayəndələr palatasının qondarma “erməni soyqırımı” ilə əlaqədar qərarını qərəzli və qeyri-obyektiv hesab edirik. Saxtalaşdırılmış tarixi faktların qərəzli siyasi məqsədlər üçün istifadə edilməsi düzgün deyil.
AZƏRTAC xəbər verir ki, bu fikirləri KİV-ə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Hikmət Hacıyev deyib ki, Ermənistan tərəfi çirkin siyasi məqsədlər güdərək arxivlərin açılması və qondarma “erməni soyqırımı”nın tarixçilər tərəfindən birgə araşdırılmasından imtina etməkdə davam edir. Çünki I Dünya müharibəsi dövründə ermənilər tərəfindən Anadolu, tarixi Azərbaycan torpaqları olan Zəngəzur, Göyçə mahalı və Qarabağda insanların etnik mənsubiyyətinə görə kütləvi qətli və digər vəhşi əməllər, o cümlədən 1918-ci ilin martında Bakıda və digər Azərbaycan şəhərlərində Azərbaycan xalqına qarşı soyqırımı törədilib. 1980-ci illərin sonlarından başlayaraq Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüz və işğal nəticəsində çoxsaylı hərbi və insanlıq əleyhinə cinayət əməlləri və soyqırımı aktları törədilib. Ermənistan ərazisində və işğal olunmuş ərazilərdə bir milyondan artıq azərbaycanlı qanlı etnik təmizləməyə məruz qalıb. Bunların içərisində ən dəhşətlisi isə 1992-ci il fevralın 26-da Ermənistanın indiki siyasi-hərbi rəhbərliyinin şəxsən iştirakı və komandanlığı ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində törədilmiş Xocalı soyqırımıdır.
XİN-in mətbuat xidmətinin rəhbəri deyib: “Niderland Krallığının nümayəndələr palatasını ikili standartlardan kənar durmağa, ədalət və obyektivlik prinsiplərini rəhbər tutaraq, Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində bu hadisəyə qiymət verməyə dəvət edirik”.