SİYASƏT
XİN: Yaponiyanın “Mainichi” xəbər agentliyinin əməkdaşının adı arzuolunmaz şəxslər siyahısından çıxarılıb
Bakı, 23 noyabr, AZƏRTAC
Yaponiya vətəndaşı, “Mainichi” xəbər agentliyinin əməkdaşı Hitoşi Omae Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məktubunda o, işğal edilmiş ərazilərimizə Azərbaycan Respublikasının icazəsi olmadan səfər etməsinin qeyri-qanuni olmasından xəbərsiz olduğunu bildirərək, səfərlə bağlı təəssüfünü ifadə edib. O, səfərin nəticələri ilə əlaqədar yazdığı məqalələrin hər hansı bir tərəfin maraqlarına xidmət etmədiyini bildirib, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etdiyini vurğulayıb.
Məktubda Hitoşi Omae, həmçinin ölkəmiz və münaqişə haqqında daha doğru və obyektiv məlumatların Yaponiya ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycana səfər etmək niyyətini ifadə edərək, səfərin təşkili üçün müvafiq kömək göstərilməsini xahiş edib.
Hitoşi Omaenin müraciəti və onun media nümayəndəsi olması müvafiq qaydada nəzərə alınıb və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.