DÜNYA
XİN rəhbərləri Minsk prosesini müzakirə ediblər
Berlin, 28 noyabr, AZƏRTAC
Bu yaxınlarda Berlində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) daxil olan 57 ölkədən 16-nın xarici işlər nazirlərinin görüşü keçirilib. Almaniya xarici işlər nazirinin dəvətini Avstriya, Belçika, İsveçrə, Çexiya, İspaniya, Finlandiya, Fransa, İtaliya, Hollandiya, Norveç, Rumıniya, İsveç, Slovakiya, Bolqarıstan və Portuqaliyadan olan həmkarları qəbul ediblər.
Təxminən bir saat çəkən iclasın yekunu birgə bəyanat olub. Bəyanatda rəsmi Berlinin nöqteyi-nəzərindən, Ukraynanın şərqindəki münaqişə üzündən təhdid altında olan Avropanın təhlükəsizliyinin möhkəmləndirilməsi ilə bağlı dialoqu bərpa etmək çağırışı yer alıb.
Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin Minsk prosesinə təkan vermək cəhdləri yerli mətbuatda “Sizif əməyi” ilə müqayisə edilir. DW agentliyi yazır ki, Almaniya XİN-in rəhbəri qədim yunan əsatirinin qəhrəmanı kimi, “Norman format”ı üzrə həmkarlarını hər dəfə bir yerə toplayır, onlardan güzəştlər əldə edir, lakin görüş iştirakçıları dağılışan kimi daş yenidən aşağı yuvarlanır və danışıqlar zamanı verilən vədlər yerinə yetirilmir.
Agentlik yazır: “Ümidsizlik üçün əsas var. Ştaynmayer kuluarlarda məyusluğunu gizlətmir, lakin danışıqlar zamanı emosiyalarına hakim kəsilir”.
DW Almaniya-Rusiya münasibətləri üzrə görkəmli alman eksperti, professor Hans-Henninq Şröderin bu sözlərini sitat gətirir: “Onun mələk səbri, dəmir iradəsi var, səsini heç vaxt yüksəltmir, emosiyalara uymur, rasional düşüncəni rəhbər tutur”.
Almaniya bu ilin sonuna qədər ATƏT-ə sədrlik edəcək. Dekabrın 8-9-da Hamburqda təşkilatın üzvü olan ölkələrin xarici işlər nazirlərinin növbəti görüşü keçiriləcək. Görüşdə F.V.Ştaynmayerin təşəbbüsü ilə sürətlə silahlanmanın qarşısının alınmasına dair yeni ideyalar müzakirə olunacaq.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin