SİYASƏT
XİN rəsmisi: Azərbaycan-NATO əlaqələri uğurla inkişaf edir
Bakı, 27 iyun, AZƏRTAC
Azərbaycan-NATO əlaqələri uğurla inkişaf edir, tərəflər arasında müntəzəm dialoq qurulub.
Bu fikri NATO-nun Azərbaycanda Beynəlxalq Məktəbinin (NISA) yay sessiyasının açılışında Xarici İşlər Nazirliyinin beynəlxalq təhlükəsizlik departamentinin rəhbəri Qaya Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycan NATO ilə hazırkı əməkdaşlıqdan razıdır. Bu əməkdaşlıq ərazi bütövlüyü və suverenliyə hörmət prinsipinə əsaslanır.
Q.Məmmədov bildirib ki, Azərbaycan NATO-nu beynəlxalq təhlükəsizliyin qorunmasına təminat verən vacib təşkilat hesab edir.
Ölkəmiz Alyansın Əfqanıstandakı sülhməramlı missiyasının bir hissəsidir.
Xarici İşlər Nazirliyinin departament rəhbəri məlumat verib ki, NISA-nın iyunun 27-də başlayan yay sessiyası iyulun 1-də başa çatacaq. Budəfəki mövzusu "NATO-nun Varşava Sammiti: Alyansın regional çağırışlara münasibətdə rolu" olan sessiyada müxtəlif ölkələrdən 40 nümayəndə iştirak edir.