SİYASƏT


XİN və “Azərkosmos” Azərbaycanın işğal altında olan ərazilərində Ermənistanın qeyri-qanuni fəaliyyəti ilə bağlı birgə açıqlama yayıb

Bakı, 15 avqust, AZƏRTAC

Xarici İşlər Nazirliyi və “Azərkosmos” ASC Azərbaycanın işğal altında olan ərazilərində Ermənistanın qeyri-qanuni fəaliyyəti, o cümlədən məskunlaşdırma siyasəti ilə bağlı “Azersky” peyki vasitəsilə aparılmış monitorinqlərə dair birgə açıqlama yayıb.

AZƏRTAC XİN-ə istinadla xəbər verir ki, açıqlamada deyilir: “Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində işğalçı ölkənin qeyri-qanuni fəaliyyəti, o cümlədən məskunlaşdırma siyasəti davam etdirilir. “Azərkosmos” ASC-nin “Azersky” peyki vasitəsilə aparılmış monitorinqlər nəticəsində ölkəmizin işğal altındakı Kəlbəcər rayonunun ərazisində qeyri-qanuni yaşayış məskəninin salınması faktı öz təsdiqini tapıb.

2019-cu ilin sonlarından etibarən salınmağa başlamış bu yaşayış məskəni hazırda 15 evdən ibarətdir. İnşaat işlərinin sürəti və gedişi bu yaşayış məskəninin daha da genişlənəcəyini deməyə əsas verir. Belə ki, 2020-ci ilin yanvarında bu yaşayış məskənində 6 ev, martda 10 ev, apreldə 14 ev hazır vəziyyətə gətirilmişdisə, avqust ayında bu rəqəm artıq 15-ə çatıb. Düşmənin bu cür süni məskunlaşdırma siyasətinin tərkib hissəsi olaraq son illər işğal altında olan rayonlarda, o cümlədən Cəbrayılda “Aracamux”, Laçında “Ariavan” adlı yaşayış kompleksləri, Zəngilanda, Qubadlının Xanlıq kəndində yeni yaşayış məntəqələrində evlərin tikilməsi ilə bağlı qeyri-qanuni fəaliyyət həyata keçirilib.

Peyk təsvirlərinin analizində göründüyü kimi, yeni yaşayış məntəqələrinin salınması faktı Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfinin beynəlxalq humanitar hüquq, o cümlədən 1949-cu il Cenevrə konvensiyaları və onların Əlavə protokollarına, insan hüquqları normalarına zidd olaraq qeyri-qanuni fəaliyyətini davam etdirdiyini sübut edir.

Bu qanunsuz fəaliyyət Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarının işğalının davam etdirilməsi və möhkəmləndirilməsi, ərazilərimizin ilhaqı və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə və mülklərinə geri qayıtmasının qarşısının alınmasına yönəlib.

Xatırladaq ki, beynəlxalq hüquqla yanaşı, Azərbaycan qanunvericiliyini kobud şəkildə pozaraq ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz fəaliyyət həyata keçirən Ermənistan, onun fiziki və hüquqi şəxsləri, eləcə də həmin ərazilərdə qeyri-qanuni fəaliyyətdə iştirak edən bütün digər şəxslər və şirkətlər inzibati və hüquqi məsuliyyət daşıyırlar.

Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının azərbaycanlı sakinlərinin öz evlərinə geri qayıtmaq hüququ təmin ediləcək və təcavüzkar Ermənistan bütün qeyri-qanuni əməllərinin hüquqi cavabını verəcəkdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.