MƏDƏNİYYƏT


XIV əsrə aid olan “Qum hamamı” bir çox özəlliyi ilə dövrünün digər hamamlarından fərqlənir

Bakı, 30 sentyabr, AZƏRTAC

Bakının Balaxanı qəsəbəsində yerləşən, XIV əsrə aid olduğu ehtimal edilən “Qum hamamı” bir çox özəlliyi ilə dövrünün digər hamamlarından fərqlənir. Adının “Qum hamamı” olması isə onun əsas hissəsinin torpağın altında tikilməsi ilə əlaqəlidir.

AZƏRTAC xəbər verir ki, bir neçə il öncə Balaxanı qəsəbəsində geniş bərpa-quruculuq, abadlıq işləri görülüb, o cümlədən ölkə əhəmiyyətli tarix-memarlıq abidələri – “Qum hamamı”, Ovdan, Hacı Şəhla məscidi və karvansara bərpa-konservasiya olunub.

“Qum hamamı” unikal memarlıq abidəsidir. Vaxtilə qəzalı vəziyyətdə olan, qalan hissəsi də zaman-zaman qum altında qalan hamam torpaq qatından təmizlənərək konservasiya edilib.

Hamam iki hissədən ibarətdir. Birinci hissə əsas giriş sayılır. Buradakı dəhliz soyunma, paltar saxlama yerlərinə və hamamın digər otaqlarına aparır.

İkinci hissə isə isti və soyuq su hovuzları olan çimmə zalından ibarətdir. Bu zala yan tərəflərdən kiçik otaqlar birləşir.

Hamamın dörd yanında saxsıdan qızdırıcı sistem quraşdırılıb, yerin altı və divarlarla içəriyə istilik ötürülüb. Kanalizasiya suları da divarların kənarından xüsusi düzəldilmiş borulara daxil olaraq, çölə axır.

Yerli sakinlər bildirirlər ki, hamamın hündür inşa edilməməsi içəridə istiliyin təmin edilməsinə hesablanıb. Kompleksin əsas hissəsinin torpağın altında olması da hamamın daxilində istiliyin saxlanılması üçündür. Hamama su arxa tərəfdə olan kəhrizdən gəlirmiş. Çünki burada saxsı borular vasitəsi ilə yaradılmış yeraltı qurğu sistemi olub.

Aparılan bərpa işləri zamanı “Qum hamamı”nın üstünü örtmüş torpaq qatı təmizlənib və abidənin bərpası üçün kompleks işlər görülüb. Hətta qumun təmizlənməsinə bir ilə yaxın vaxt sərf edilib. Otuz metr uzunluğu olan hamama su saxsı borularla gəlib. Tarixi abidənin istilik sistemini (ocaqxanasını) aşkar edəndə məlum olub ki, hamam digərlərindən fərqli olaraq neft vasitəsilə qızdırılıb.

“Qum hamamı”nın daha bir özəlliyi isə burada ibadət etmək üçün ayrıca hücrənin olmasıdır. Çünki bu özəllik həmin dövrdə mövcud olan hamamların heç birində aşkarlanmayıb.

Qeyd edək ki, “Qum hamamı” hazırda tarixi abidə kimi qorunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.