ELM VƏ TƏHSİL


XI Azərbaycan beynəlxalq təhsil sərgisində bir sıra xarici universitetlərin təhsil proqramları təqdim olunacaq

Bakı, 20 sentyabr, AZƏRTAC

Oktyabrın 6-dan 8-dək Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi, “Caspian Event Organisers (CEO)” şirkətinin təşkilatçılığı ilə XI Azərbaycan beynəlxalq təhsil (“Education 2017”) sərgisi keçiriləcək.

Şirkətdən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) sərginin reallaşmasına dəstək göstərəcək.

Sərgi çərçivəsində Azərbaycan ilə yanaşı, Almaniya, Avstriya, Belarus, İtaliya, Latviya, Litva, Macarıstan, Rusiya, Rumıniya, Sinqapur, Slovakiya və digər ölkələrin universitet, məktəb, kollec, təhsil mərkəzləri və kursları təqdim ediləcək. Yerli ali təhsil müəssisələri arasında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Milli Aviasiya Akademiyası, Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universiteti, Fransız-Azərbaycan Universiteti (UFAZ), Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Texnologiya Universiteti və digər ali təhsil müəssisələri yer alıb. Qərb Universiteti isə “Education 2017” sərgisində ilk dəfə iştirak edəcək.

Sərgidə hər il fəal iştirak edən Təhsil Nazirliyi stendində qurumun yaxın gələcək üçün plan və proqramları barədə məlumat verəcək. Bu il sərgi “B2B” formatlı görüşləri ehtiva edən geniş işgüzar proqramı ilə fərqlənəcək. Eləcə də tədbir çərçivəsində “Mənim gələcək peşəm və ona gedən yol” mövzusunda seminar təşkil olunacaq.

Ümumilikdə sərgi çərçivəsində iştirakçılara bakalavriat, magistratura, o cümlədən xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim olunacaq. İştirakçılar bilavasitə sərgidə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə şəxsən ünsiyyət qurmaq, sənəd qəbulunun müddəti, təhsil haqqı və yaşayış yerləri kimi məsələlər barədə onları maraqlandıran suallar vermək, eləcə də ali təhsil müəssisələrinin reytinq və ixtisaslaşmalarını, habelə digər məsələləri öyrənmək imkanı əldə edəcəklər.

Sərgidə 9-11-ci sinif şagirdləri, abituriyent, tələbə və valideynlər, təhsil sahəsinin digər peşəkarları iştirak edə bilərlər. “Education 2017” ilə paralel XI Azərbaycan beynəlxalq karyera (“Career 2017”) sərgisi də təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.