”XOCALI FACİƏSİ BEYNƏLXALQ CİNAYƏT OLARAQ, ERMƏNİSTANIN AZƏRBAYCAN XALQINA QARŞI APARDIĞI MƏQSƏDYÖNLÜ SOYQIRIMI SİYASƏTİNİN TƏRKİB HİSSƏSİDİR” QƏTNAMƏSİ BEYNƏLXALQ TƏŞKİLATLARA GÖNDƏRİLMİŞDİR
AzerTAg.az
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları Elmi-Tədqiqat İnstitutunun ekspert şurasının hazırladığı “Xocalı faciəsi beynəlxalq cinayət olaraq, Ermənistanın Azərbaycan xalqına qarşı apardığı məqsədyönlü soyqırımı siyasətinin tərkib hissəsidir” qətnaməsi Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin xətti ilə beynəlxalq təşkilatlara, elm, təhsil mərkəzlərinə, Avropa Şurasına və demokratik ölkələrin parlamentlərinə, nüfuzlu siyasi xadimlərə, səfirliklərə göndərilmişdir.
İnstitutun direktoru Rövşən Mustafayevin verdiyi məlumata görə, qətnamədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində ermənilərin törətdiyi tarixdə misli görünməmiş vəhşilik nəticəsində bir gecədə 613 nəfərin, o cümlədən 106 qadın və 63 uşağın qətlə yetirildiyi, 487 nəfərin şikəst olduğu, 1275 nəfərin erməni əsirliyinin dəhşətlərindən keçib ömürlük mənəvi şikəst edildiyi, 150 nəfərin itkin düşdüyü, gözəl, abad bir şəhərin isə yerlə-yeksan olunduğu bildirilir, Ermənistan silahlı qüvvələrinin və muzdluların bütöv ailələri məhv etdiyi, insanların həm də ən amansız üsullarla qətlə yetirildiyi, öldürüldükdən sonra dərilərinin soyulduğu, başlarının və qulaqlarının kəsildiyi və bu dəhşətli vəhşiliklərin videolentlərin təkzibolunmaz əbədi yaddaşına köçürüldüyü vurğulanır.
Xocalı soyqırımını beynəlxalq cinayət kimi səciyyələndirən bu sənədin hüquqi məzmununun BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında konvensiya” ilə müəyyən olunmuş bütün hərəkətlərə uyğun gəldiyi, əvvəlcədən şüurlu şəkildə hazırlanıb həyata keçirildiyi, milli-etnik qrupun (azərbaycanlıların) tamamilə məhv edilməsi məqsədi ilə törədildiyi, həmin qətnamənin, eləcə də Nürnberq Hərbi Tribunalının Nizamnaməsinin və digər beynəlxalq hüquqlu aktların Xocalı qırğınının soyqırımı, bəşəriyyətə qarşı törədilmiş beynəlxalq cinayət kimi tanınması üçün əsas verən hüquqi sənəd olduğu təkzibedilməz faktlarla əsaslandırılmış, bu soyqırımı aktını planlaşdıran, həyata keçirən təşkilatçı, icraçı və təhrikçilərinin beynəlxalq məhkəmə tərəfindən cinayət məsuliyyətinə cəlb olunmasına tam əsas verdiyi vurğulanmışdır.
Xəbərin mətnində orfoqrafik səhv var