SİYASƏT
XOCALI FACİƏSİ STRASBURQDA YAD EDİLMİŞDİR
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Strasburqda yaşayan həmvətənlərimizin iştirakı ilə Xocalı faciəsinin on birinci ildönümünə həsr olunmuş mərasim keçirilmişdir. Əvvəlcə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Nümayəndəliyin rəhbəri səfir Aqşin Mehdiyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə silahlı erməni qüvvələrinin keçmiş sovet ordusunun 366-cı alayının köməyi ilə Xocalı şəhərinə hücüm edərək dinc sakinlərə, hətta qocalara, qadınlara və uşaqlara belə aman verməyərək soyqırım törətdiklərini bildirmişdir. Diplomat Xocalı əhalisinə qarşı törədilmiş bu soyqırımın Azərbaycan xalqının tarixində ən faciəli səhifələrdən birini təşkil etdiyini demiş və həmin qanlı gecədə şəhid olmuş övladlarımızın müqəddəs xatirəsinin daim qəlbimizdə yaşayacağını vurğulamışdır.
Strasburqda yaşayan soydaşlarımız adından çıxış edən professor İren Məlikova, Azərbaycanla Mədəni Əlaqələr Cəmiyyətinin sədri Mustafa Alınca və başqaları erməni qəsbkarlarının Xocalıda törətdikləri vəhşilikləri qətiyyətlə lənətləmiş və onu XX əsrdə bəşər tarixinin ən qanlı hadisələrindən biri adlandırmışlar.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris