SİYASƏT
“XOCALI SOYQIRIMI DƏHŞƏTLI CİNAYƏTDİR”
Fevralın 26-da Qadın Problemləri üzrə Dövlət Komitəsində Xocalı soyqırımının ildönümü münasibətilə mərasim keçirilmişdir. Komitənin sədri Zəhra Quliyeva çıxışında bildirdi ki, Prezident Heydər Əlıyevin Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində deyildiyi kimi, Xocalı faciəsi iki yüz ildən çox müddətdə davakar erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. Xocalı şəhərinə hücum edən erməni yaraqlıları görünməmiş vəhşilik nümayiş etdirərək, şəhərin dinc əhalisinə ən qəddar formalarda divan tutmuş, agır işgəncələr vermişlər.
Sonra Komitə sədrinin birinci müavini Dilruba Camalovanın “Xocalı soyqırımı dəhşətli cinayətdir” mövzusunda məruzəsi dinlənildi. Məruzə ətrafında çıxışlar və müzakirələr oldu.
Konfransda iştirak edən Azərbaycanın qeyri-hökumət qadın təşkilatlarının və respublıkanın görkəmli qadın fəalları BMT-yə, ATƏT-ə, Avropa Şurasına, dünya ölkələrinin parlamentlərinə və dövlət başçılarına müraciət qəbul etdilər.