REGİONLAR
XOCAVƏNDLİ MƏCBURİ KÖÇKÜNLƏRİN HƏYAT ŞƏRAİTİ YAXŞILAŞIR
Xocavənd Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə bu ilin birinci yarısının yekunları, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2007-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasında qarşıya qoyulmuş vəzifələr müzakirə edilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynovun məruzəsində qeyd olunmuşdur ki, rayon üçün bitkiçilik və heyvandarlıqla məşğul olmaq məqsədilə 17.730 hektar torpaq sahəsi ayrılmışdır. Əvvəlki illərdə olduğu kimi, bu ilin birinci yarısında da ət, süd, yun, yumurta istehsalı xeyli artmış, 3259 ton taxıl toplanmışdır. Rayonda 350 min manatlıq texnikası olan “Aqroservis” yaradılmış, əhaliyə 50 ton güzəştli gübrə verilmişdir.
Yeni Xocavənd, Tuğ qəsəbələrində məcburi köçkünlərin içməli su, elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq üçün tədbirlər görülmüşdür. Son vaxtlar Qaradağlı, Haxullu, 3 nömrəli Xocavənd və Tuğ orta məktəblərində əlavə sinif otaqları tikilmiş, mərkəzi xəstəxana təcili tibbi yardım maşını ilə təmin edilmişdir. “Dövlətqaçqınkom”un xətti ilə 7 su nasosu, 2 transformator, 2 min metr elektrik naqili alınıb məcburi köçkünlərin istifadəsinə verilmişdir. Torpaqların şorlaşmasının qarşısını almaq məqsədilə 7,1 kilometr uzunluğunda drenaj kanalının çəkilişinə başlanmışdır.
Hesabat dövründə rayon əhalisinin məşğulluq probleminin həlli istiqamətində də tədbirlər həyata keçirilmiş, əhaliyə işsizliyə görə müavinət təyin olunmuşdur.
Yığıncaqda çıxış edənlər qarşıda duran vəzifələrdən danışmışlar.
Yığıncağın işində Prezidentin İcra Aparatının məsul işçisi Rüfət Əliyev iştirak etmişdir.