REGİONLAR
XOCAVƏND RAYON İCRA HAKİMİYYƏTİNDƏ ÖTƏN İLİN YEKUNLARI VƏ QARŞIDA DURAN VƏZİFƏLƏRƏ HƏSR OLUNMUŞ HESABAT YIĞINCAĞI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Beyləqan şəhər mədəniyyət evində Xocavənd Rayon İcra Hakimiyyətinin 2007-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Yığıncaq iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül-çiçək düzmüşlər.
Hesabat yığıncağında çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirmişdir ki, 2007-ci il Azərbaycanın siyasi-iqtisadi, sosial və mədəni həyatında olduqca uğurlu il olmuşdur. Ölkəmiz daha da inkişaf etmiş, möhkəmlənmiş və güclənmişdir. Bu inkişaf ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu daxili və xarici siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində mümkün olmuşdur.
E.Hüseynov bildirmişdir ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun vəsaiti hesabına Yeni Xocavənd qəsəbəsində daxili yolların təmiri başa çatdırılmışdır. Əhalinin içməli suya olan tələbatını ödəmək üçün subartezian quyusu qazılıb istifadəyə verilmiş, Yeni Xocavənd qəsəbəsində 910 metr, Yeni Tuğ qəsəbəsində 1200 metr su xətti çəkilmiş və bulaqlar tikilmişdir.
Ötən il rayon üzrə istehsal olunmuş kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 3 milyon 581 min manat təşkil etmişdir. 2008-ci ilin məhsulu üçün 8374 hektarı buğda, 676 hektarı arpa olmaqla, 9050 hektar sahədə əkin aparılmışdır. Qaramalın sayı 3173 başa, davarın sayı 51247 başa çatdırılmışdır.
Ötən il Rayon Məşğulluq Mərkəzinə 244 nəfər müraciət etmiş, onlardan 130-u işlə təmin edilmişdir.
E.Hüseynov Prezident İlham Əliyevin Ağdama səfəri zamanı söylədiyi nitqi xatırlatmış və bildirmişdir ki, xocavəndlilər əmindirlər ki, Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımız tezliklə işğaldan azad olacaq və növbəti hesabatlar doğma yurdlarda keçiriləcəkdir.
Yığıncaqda çıxış edənlər görülən işlərlə yanaşı nöqsan və problemləri də qeyd etmiş, qarşıda duran vəzifələrdən danışmışlar. Çıxışlarda bildirilmişdir ki, xocavəndlilər qarşıdan gələn prezident seçkilərində ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyevə səs verəcəklər.
Hesabat yığıncağında Dövlət Sığorta Kommersiya Şirkətinin prezidenti Məmməd Məmmədov və Prezidentin İcra Aparatının məsul işçisi Rövşən Ağayev çıxış etmişlər.
Yığıncaqda cari ildə görüləcək işlərlə əlaqədar tədbirlər planı müzakirə edilmiş və müvafiq qərar qəbul olunmuşdur.
Yığıncağın sonunda Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir.