XTNS-də sosializm realizmi dövrünün Azərbaycan heykəltaraşlarının işlərindən ibarət sərgi açılacaq
AzerTAg.az

Moskva, 11 mart, AZƏRTAC
Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda “1940-1950-ci illər Azərbaycan dəzgah heykəltəraşlığı” sərgisi açılacaq.
AZƏRTAC xəbər verir ki, sərgi Heydər Əliyev Fondunun dəstəyi və RF Mədəniyyət Nazirliyinin yardımı ilə Rusiya Dövlət Şərq Muzeyi ilə “Azərbaycan” pavilyonu tərəfindən birgə təşkil edilib.
Sərginin qonaqları sosializm realizmi dövründə Azərbaycan incəsənəti üçün əlamətdar nümunələr sayılan on monumental işlə tanış olacaqlar. Bu sərginin yaradılması Rusiya Dövlət Şərq Muzeyinin ehtiyat fondlarında gips, mərmər və ağacdan hazırlanmış bir neçə heykəlin aşkar edilməsindən başlanıb. 1940-1950-ci illərin sonunda sovet plastikasının əla nümunələri olan bu incəsənət əsərləri idi həmin illərdə keçirilən müxtəlif sərgilərdən sonra Şərq Muzeyinə hədiyyə edilmişdi. Bu işlərin müəlliflərinin - Azərbaycan heykəltaraşları Elcan Şamilov, Fuad Abdurəhmanov, Hüseyn Əhmədov, Cəlal Qaryağdı və Pinxos Sabsayın - yaradıcılığı sovet incəsənətində əsas cərəyan olan sosializm realizmini təmsil edir.
Sərgiyə hazırlıq mərhələsi mürəkkəb olub, çünki baxımsız qaldığı illərdə xeyli zədələnmiş eksponatların ilkin görkəmə gətirilməsi zəruri idi. Humanitar və xeyriyyə layihələri ilə bütün dünyada məşhur olan Heydər Əliyev Fondu bu dəfə də öz köməyini əsirgəməyib. Muzeyin bərpaçı mütəxəssisləri qısa müddətdə çox böyük və mühüm iş görüblər.
Sərginin açılış mərasimi martın 17-də olacaq. Mərasimdə Rusiya və Azərbaycanın diplomatik korpusunun nümayəndələrinin, ictimai və siyasi xadimlərin, elm, mədəniyyət, biznes və işgüzar dairə təmsilçilərinin iştirakı gözlənilir.
Tədbirin təntənəli hissəsi başa çatandan sonra qonaqları musiqili proqram və Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyinin rəmzi “qonaqlığı” gözləylir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Xəbərin mətnində orfoqrafik səhv var