SİYASƏT
XTNS-nin “Azərbaycan” pavilyonunda AXC-nin 103 illiyi qeyd edilib VİDEO
Moskva, 29 may, AZƏRTAC
Mayın 28-də Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan olunmasının 103 illiyi qeyd edilib.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində XTNS-nin “Azərbaycan” pavilyonun mərkəzi zalında fotosərginin açılışı mərasimi olub. Pavilyonun direktoru Səadət Qədirova açılış mərasimində çıxış edib. O vurğulayıb ki, bu sərgi Azərbaycan tarixinin ən mühüm mərhələlərindən birini nümayiş etdirir.
S.Qədirova deyib: “Bu mürəkkəb dövrdə bizim vəzifəmiz ölkəmizin necə inkişaf etməsi barədə Rusiya ictimaiyyətini maksimum geniş məlumatlandırmaqdır. Azərbaycan güclü, müstəqil, demokratik dövlətdir. AXC-nin elan edildiyi gün elə bir başlanğıc nöqtədir ki, biz onu daim yadda saxlayacağıq”.
Qeyd edək ki, XTNS-nin “Azərbaycan” pavilyonun mərkəzi zalında açılmış sərgi 2021-ci il iyunun 13-dək davam edəcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva