MƏDƏNİYYƏT


XTNS-nin “Azərbaycan” pavilyonunda Rami Meirin sərgisi açılacaq

Moskva, 28 iyul, AZƏRTAC

Avqustun 5-də Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda Heydər Əliyev Fondunun dəstəyi ilə “Rami Meir. 40 ildən sonra qayıdış” adlı sərgi açılacaq.

AZƏRTAC xəbər verir ki, layihə əslən bakılı olan dağ yəhudi soylu israilli rəssam Rami Meirin yaradıcılığına həsr edilib.

Sərginin qonaqlarına iki döymə panno, təsviri sənət nümunələri, Rami Meir Art və “Azərxalça” ASC-nin birgə layihəsi çərçivəsində Meirin rəsm əsərlərinin süjetləri əsasında hazırlanmış xalçalar, ağac üzərində oyma texnikasında icra edilmiş heykəllər, işıq installyasiyaları, qədim zərgərlik nümunələri, Rami Meirin şəxsi kolleksiyasından dağ yəhudilərinin dekorativ-tətbiqi sənət əşyaları və silahlar nümayiş etdiriləcək.

Məxsusi olaraq sərginin açılışı münasibətilə hazırlanmış film və buklet tamaşaçılara rəssamın çoxşaxəli yaradıcılığı, onun Azərbaycanla sıx əlaqələri barədə söhbət açır, Raminin bu sərgisi ilə bağlı detektivi xatırladan əhvalat açıqlanır. Bildirilir ki, bu sərgi elə həmin XTNS-nin “Azərbaycan” pavilyonunda 40 il bundan əvvəl açılmalı idi.

Rami Meirin işləri ilə bərabər onun süjetləri əsasında “Azərxalça” ASC-nin azərbaycanlı ustaları tərəfindən toxunmuş xalçalar da tamaşaçıların diqqətini cəlb edəcək.

2020-ci və 2021-ci illərdə Moskvada – Dövlət Şərq Muzeyində və Bakıda – Azərbaycan Milli Xalça Muzeyində Rami Meirin sərgiləri uğurla keçirilib. Bundan əlavə, Florensiyada “Florence Art Deposit Gallery” qalereyasında “Dağ yəhudiləri” silsiləsindən “Qafqaz gözəlləri” işi təqdim edilib. 2022-ci ildə Təl-Əvivdəki Azərbaycan Turizm Bürosunda “Azərxalça” ASC ilə birlikdə “Carpets as art. Beyond borders, beyond time” (“Xalçalar incəsənət kimi. Məkanın və zamanın fövqündə”) adlı birgə sərgi açılıb.

Rami Meirin işləri Rusiyada, ABŞ-da və İsraildə şəxsi kolleksiyalarda saxlanılır.

Sərgi 2022-ci il oktyabrın 30-dək davam edəcək.

 
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.