MƏDƏNİYYƏT
XTNS-nin “Azərbaycan” pavilyonunun qarşısında “Nar” adlı art-obyekt açılıb
Moskva, 6 iyul, AZƏRTAC
Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunun qarşısında “Nar” adlı yeni art-obyekt açılıb.
AZƏRTAC xəbər verir ki, nar şəklində yeni art-obyekt “Azərbaycan” pavilyonu və MBA-Moskva bankı tərəfindən birgə yaradılıb.
Pavilyonun direktoru Səadət Qədirova AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Etiraf edirəm ki, bizim pavilyonda işə başladığım ilk gündən pavilyonun fasadı qarşısında nar şəklində bir art-obyekt yaradılmasını arzu edirdim. Necə deyərlər, bizim arzularımız onların imkanları ilə üst-üstə düşüb.
MBA-Moskva bankının “Nar” layihəsi həqiqətən gözəl təqdimata layiqdir”.
“Azərbaycan” pavilyonunun direktoru qeyd edib ki, Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığı qloballaşdıran, qarşılıqlı münasibətləri möhkəmlədən bu tipli əməkdaşlıq ölkəmizi Rusiya Federasiyasında təmsil edən bütün Azərbaycan qurumlarının işinin mühüm tərkib hissəsidir.
S.Qədirova daha sonra deyib: “İndiki halda bu art-obyekt çox rəmzi məna daşıyır. Bərəkət və gözəllik rəmzi olan nar bizim pavilyonun fasadını layiqincə tamamlayır”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva