SİYASƏT
XÜSUSİ İŞÇİ QRUPUNUN İCLASI OLMUŞDUR
Almatıda Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirlərinə dair Müşavirənin üzvü olan dövlətlərin xüsusi işçi qrupunun iclası keçirilmişdir. Azərbaycanı bu tədbirdə ölkəmizin Özbəkistandakı səfirliyinin birinci katibi Şahin Əhmədov təmsil etmişdir.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iclasda ekspertlər hərbi-siyasi, iqtisadiyyat, mədəniyyət və ekologiya sahələri ilə bağlı bir sıra tədbirlər planı hazırlamış, iclasların keçirilməsinin prosedur qaydaları və Almatıda Müşavirənin daimi katibliyinin yaradılması məsələsi ətrafında fikir mübadiləsi aparmışlar.
Müşavirə çərçivəsindəki bütün tədbirlər yüksək vəzifəli şəxslərdən ibarət komitənin gələn ilin fevral ayında Almatıda keçiriləcək növbəti iclasında müzakirə ediləcəkdir. Qərara alınmışdır ki, bütün sənədlərin layihəsi Müşavirə üzvü olan dövlətlərin xarici işlər nazirlərinin görüşündə baxıldıqdan sonra 2006-cı ildə dövlət başçılarının ikinci sammitində müzakirə olunacaqdır.