ELM VƏ TƏHSİL


XVI əsr görkəmli türk coğrafiyaçısının əsəri rus dilinə tərcümə olunub

Bakı, 17 aprel, AZƏRTAC

XVI əsr görkəmli türk coğrafiyaçısı, dənizçi və admiral Piri Rəisin dünyaca məşhur “Kitabi-Bəhriyyə” (“Dənizçilik haqqında kitab”) əsəri rus dilində çapdan çıxıb.

Əsəri qədim osmanlı dilindən rus dilinə Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Tahirə Əliyeva tərcümə edib. Kitabın tərtibatı və “Ön söz” Tahirə Əliyevaya məxsusdur, elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimovdur.

Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildiriblər ki, 1521-ci ildə yazılan “Kitabi-Bəhriyyə” Piri Rəisin dənizçilik fəaliyyəti dövründə gördüyü yerləri təsvir edən qeydlərdən ibarətdir. Həm də savadlı xəritəçi olan Piri Rəis gördüyü yerlərin xəritələrini tərtib edib.

Həmin xəritələr kitaba əlavə olunub. “Kitabi-Bəhriyyə”nin bir hissəsi nəzmlə yazılıb. 972 beytdən ibarət olan bu hissə 23 qismə bölünür. Burada dənizçilərə tövsiyələr, təbiət hadisələri, xəritələr, adalar, dənizlər, Atlantik okeanı, Amerikanın kəşfi və s. haqqında məlumatlar yer alır. Dəyərli məlumatların içində maraqlı bir fakt nəzərə çarpır: yeddi dənizin adını çəkən Piri Rəis sonuncu dənizi “Bəhri Külzüm” adlandırır. Heç bir okeana çıxışı olmayan bu dənizdən bəhs edən coğrafiyaçının Xəzər dənizini nəzərdə tutduğu ehtimal oluna bilər.

Kitabın yerdə qalan və böyük hissəsi nəsrlə yazılıb. 209 fəsildən ibarət bu hissədə Aralıq və Egey dənizlərinin sahilləri haqqında, eləcə də bu dənizlərə aid adaların, limanların, qayaların və s. ətraflı təsvirləri verilir. Kitabın nəzmlə yazılan hissəsi hərfi tərcümə olunub.

“Kitabi-Bəhriyyə” tarixçilər, coğrafiyaçılar və dənizçilər üçün qiymətli mənbə hesab olunur. Bu kitab, eyni zamanda, geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.