İDMAN
XV Avropa Gənclər Olimpiya Festivalında kişi və qadın voleybolçular mübarizəyə başlayıblar
Bakı, 22 iyul, AZƏRTAC
İyulun 22-də “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalında kişi və qadın voleybolçuların mübarizəsi başlayıb.
AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçirilən kişilərin yarışında birinci görüşdə Belarus və Rusiya yığmaları üz-üzə gəliblər.
Azərbaycan Voleybol Mərkəzində təşkil olunan qadınların mübarizəsinə isə Rumıniya və Bolqarıstan yığmalarının görüşü ilə start verilib.
Oğlanlar arasında voleybol yarışlarında A qrupunda Azərbaycan millisi ilə yanaşı, Almaniya, Rusiya, Belarus seçmələri qələbə üçün yarışacaqlar. B qrupunda isə mübarizə Çexiya, İtaliya, Bolqarıstan və Belçika komandaları arasında baş tutacaq.
Voleybol üzrə qızların mübarizəsində A qrupunda Rusiya, Bolqarıstan, Rumıniya və Azərbaycan, B qrupunda isə İtaliya, Türkiyə, Belarus və Almaniya yığmaları yer alıb.
Qaydalara görə, həm oğlanların, həm qızların yarışlarında qruplarda birinci və ikinci yeri tutan yığmalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.
Ümumiyyətlə, voleybol yarışının birinci günündə oğlan və qız komandaları arasında dörd görüş keçiriləcək. Günün ikinci matçında B qrupunda çıxış edən Bolqarıstanın və İtaliyanın oğlanlardan ibarət voleybolçuları üz-üzə gələcəklər. Üçüncü oyunda A qrupundakı matçda Azərbaycanın voleybolçuları Almaniya yığması ilə qarşılaşacaq. Oğlanlar arasında sonuncu görüş B qrupunda yer alan Belçika və Çexiya seçmələri arasında olacaq.
Voleybol üzrə qızların mübarizəsində B qrupu çərçivəsində ikinci oyunda Belarus və Türkiyə seçmələri üz-üzə gələcəklər. Digər görüşdə A qrupunda qızlardan ibarət voleybolçularımız Rusiya millisini sınağa çəkəcək. Qızlar arasındakı yarışda növbəti görüşdə isə B qrupunda Almaniya və İtaliya milliləri arasında oynanılacaq.
Festivalın voleybol yarışlarına iyulun 27-də yekun vurulacaq.