SİYASƏT


XXII Avrasiya İqtisadi Zirvə toplantısı çərçivəsində əməkdaşlıq memorandumları imzalanıb

İstanbul, 7 fevral, AZƏRTAC 

İstanbul şəhərində keçirilən XXII Avrasiya İqtisadi Zirvə toplantısı çərçivəsində fevralın 7-də əməkdaşlıq memorandumları imzalanıb.

AZƏRTAC xəbər verir ki, sənədlər Azərbaycan Diasporuna Dəstək Fondu, İtaliyanın Avrasiya Dialoqu üçün Avropa İnstitutu və Rumıniyanın Levanten İncəsənət və Mədəniyyət İşləri İnstitutu ilə Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Fondu arasında imzalanıb.

Zirvə toplantısı ikinci iş gününü “Texnologiyanın inkişafı və insanlığı gözləyən gələcək”, “Su və köç”, “Qloballaşmanın yeni ölçüləri, populizm, sağlamlıq üçün əməkdaşlıq”, “Ağıllı insanların iclası” mövzularında panel iclaslarla davam etdirib. Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Akif Özkaldı, İstanbul Bilgi Universitetinin professoru İlter Turan, Avrasiya Dialoqu üçün Avropa İnstitutunun direktoru Leonardo Manzari və başqaları iclaslarda çıxış ediblər.

Qeyd edək ki, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan hər il olduğu kimi, geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunub. Nümayəndə heyətinə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, energetika naziri Pərviz Şahbazov, qeyri-hökumət təşkilatlarının nümayəndələri, media təmsilçiləri daxil idi.

Toplantıda texnologiyaların inkişafı və insanların gələcəyi, süni zəkanın iqtisadiyyatda və enerji sahəsində rolu, qloballaşmanın yeni səviyyələri, su və enerji ilə bağlı mövzular diqqət mərkəzində olub.

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi 22 ildir ki, Avrasiya İqtisadi Zirvəsini sülh və dialoq layihəsi olaraq həyata keçirir. Bu toplantılar aktual problemlərin müzakirə edildiyi mühüm platforma olmaqla bərabər, regionun inkişafına və əməkdaşlıq əlaqələrinin genişlənməsinə töhfə verir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.