İQTİSADİYYAT
XXI Beynəlxalq Xəzər neft və qaz sərgisində AzərTAc da öz stendi ilə təmsil olunur VİDEO
Bakı, 3 iyun (AZƏRTAC, Ceyhun Rüstəmov). Xəzəryanı regionun enerji sektorunun ən böyük tədbiri - XXI Beynəlxalq Xəzər neft və qaz (“Caspian Oil & Gas-2014”) sərgisində AZƏRTAC da öz stendi ilə təmsil olunur.
AZƏRTAC-ın stendi ilə tanış olan ziyarətçilərə ölkəmizin qədim neft-qaz tarixi, ulu öndər Heydər Əliyevin neft strategiyası, Prezident İlham Əliyevin uğurla reallaşdırdığı layihələr barədə ətraflı məlumat verilir.
Sərgi iştirakçıları, həmçinin 6 dildə xəbər yayan AZƏRTAC-ın öz məhsullarını mətn, infoqrafika, video, audio-slaydşou və fotolent formalarında dünya informasiya məkanında yayması barədə də məlumatlandırılırlar.
Stenddə AZƏRTAC-ın müxtəlif illərdə hazırladığı çap və multimedia məhsulları, o cümlədən “Gəzdim Azərbaycanı” layihəsi çərçivəsində respublikamızın səfalı və tarixi məkanlarından söhbət açan videoreportajlar nümayiş etdirilir.
Ənənəvi olaraq hər il keçirilən “Caspian Oil & Gas” sərgisinin media tərəfdaşı olan AZƏRTAC-ın ekspozisiyasındakı nəşrlər, multimedia məhsulları, informasiyanın istehsalı və yayılması sahəsində texniki imkanları sərgi iştirakçıları tərəfindən maraqla qarşılanır.