İDMAN
XXXI Yay Olimpiya Oyunlarının gümüş medalçısı tələbələrlə görüşüb
Bakı, 8 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA), Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə “Zirvə görüşləri” adlı yeni layihəyə start verilib. Layihənin məqsədi idman sahəsində yüksək nailiyyətlər əldə etmiş, tanınmış idmançılarla tələbələrin görüşünü təşkil etmək, gənclərin müsbət nümunələrlə idman mədəniyyətinə həvəsini artırmaqdır.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində ilk görüşün qonağı Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında gümüş medal qazanan cüdoçu Rüstəm Orucov olub.
Görüş tələbələrin böyük marağına səbəb olub. Karyerası, qazandığı nailiyyətlər barədə tələbələrlə söhbət edən R.Orucov məqsədə çatmaq uğrunda apardığı mübarizədən və hədəflərin düzgün müəyyənləşdirilməsinin əhəmiyyətindən danışıb.
XXXI Yay Olimpiya Oyunlarındakı uğurundan söhbət salan R.Orucov Rioda Azərbaycana ilk medalı qazandırdığına görə çox sevindiyini bildirib: “Görüşlərimin hamısı çətin oldu. Dörddəbir finalda macarıstanlı deyil, özbəkistanlı idmançını gözləyirdim. Amma bu, Olimpiadadır. Kim hazırdırsa, o da irəli gedir. Finalda da qələbə əzmində idim, amma yaponiyalı rəqibim çox güclü idi. Qarşıda yenə Olimpiada var. Var gücümlə çalışacağam ki, doğma Azərbaycanımızın bayrağını daim qaldırım”.
R.Orucov daha sonra tələbələrin suallarını cavablandırıb, məsləhətləri ilə onlara stimul verib. Belə görüşlərin əhəmiyyətini qeyd edən cüdoçumuz məzunu olduğu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında son dövrlər baş verən müsbət dəyişikliklərə və inkişafa sevindiyini bildirib.
Xatırladaq ki, Azərbaycan XXXI Yay Olimpiya Oyunlarında 56 idmançı ilə təmsil olunub. Millimiz Rioda 18 medal (1 qızıl, 7 gümüş və 10 bürünc) qazanıb. Dörd il əvvəl keçirilən London Olimpiadasında isə millimiz 10 medal (2 qızıl, 2 gümüş, 6 bürünc) qazanmışdı.