İQTİSADİYYAT


X-Ray aparatlarının təsvirlərinin oxunmasına dair seminar başlayıb

Bakı, 11 mart, AZƏRTAC

Martın 11-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakıdakı Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “X-Ray aparatlarının təsvirlərinin oxunmasına dair təlimçilərin təlimi” adlı seminar başlayıb.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, ÜGT-nin ekspertləri tərəfindən keçirilən seminarda gömrük əməkdaşları iştirak edir. Seminarın keçirilməsində məqsəd X-Ray aparatlarında xidmət göstərən gömrük orqanı əməkdaşlarının peşə biliklərinin artırılması və onların təlimçi kimi yetişdirilməsidir.

Seminarın açılış mərasimində DGK-nın Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, malların gömrük sərhədindən keçirilməsi tezliyinin təmin olunması üçün risk qiymətləndirilməsi əsasında seçilmiş mallara texniki nəzarət vasitələri tətbiq edilməklə onlar üzərində gömrük nəzarətinin reallaşdırılmasında bugünkü seminarın rolu böyükdür.

ÜGT-nin eksperti Vyara Filipova isə Dövlət Gömrük Komitəsi tərəfindən icra olunan islahatları təqdirəlayiq hesab edib. Bildirib ki, bu islahatlar ÜGT-nin prioritetləri ilə üst-üstə düşür və təlimdən əsas gözləntilər X-Ray və skayner aparatları ilə bağlı çalışmalar, ÜGT tərəfindən hazırlanan alətlər, həmçinin cihazlar barədə mövzuları dərindən mənimsəməkdir.

Daha sonra seminarda ÜGT-nin alətləri, bacarıqların inkişafı, potensialın artırılması və tədris metodları barədə də geniş məlumat verilib. Seminarın növbəti günlərində “X-Ray aparatının rentgen avadanlıqlarının görünüşünün oxunuşu”, “Şəkillərin düzgün interpretasiyası”, “Mövcud alətlər və funksiyalar”, “Gömrükdə görüntülərə baxan zaman ən adi problemlər, səhvlər hansılardır”, “Şəkillərdə fərqli materiallar arasında fərq qoymaq”, “Avtomatlaşdırılmış təhlükələrin tanınması sistemi” və digər mövzularda təqdimatlar keçiriləcək.

Martın 15-nə qədər davam edəcək seminarın sonunda qrup şəklində tapşırıqlar icra olunacaq və iştirakçıları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılacaq.

Seminarın yekununda isə yeni avadanlıqlarla tanışlıq məqsədilə Abşeron Logistika Mərkəzinə səfər nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.