REGİONLAR
Xaçmaz: 1201 şagird buraxılış imtahanı verib VİDEO




Xaçmaz, 9 iyun, Elxan Yusifli, AZƏRTAC
İyunun 9-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunan buraxılış imtahanlarında Xaçmaz rayonundan 1201 nəfər iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 5 mərkəzdə keçirilən imtahanlara 118 nəzarətçi müəllim, o cümlədən 16 imtahan rəhbəri cəlb olunub.
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanları saat 11:00-da başlanıb və 3 saat davam edib.
DİM-in Xaçmaz regional bölməsinin müdiri Faiq Nadiroğlu AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Xaçmaz və Qubada yerləşən məktəblərin şagirdlərinin imtahanları hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Pandemiya dövrünün tələblərinə uyğun olaraq imtahan mərkəzlərində əvvəlcədən zəruri profilaktik tədbirlər görülüb, binalarda və zallarda dezinfeksiya işləri aparılıb. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Binaya daxil olan iştirakçıların məsafədənölçən elektron termometrlə hərarətləri yoxlanılıb. İştirakçılar bütün prosesboyu tibbi maskadan istifadə ediblər. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.
Bu gün Xaçmazla yanaşı, Bakı şəhərinin Nərimanov, Nəsimi, Qaradağ rayonlarında, Naftalan şəhərində, Abşeron, Ağdam, Goranboy, Masallı, Sabirabad, Şamaxı, Tərtər, Zaqatala rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib.